“Müəllimlərin daxili yerdəyişməsi üçün təkcə Bakı şəhəri üzrə 600 vakant yer elan olunub”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri İlham Nağıyev deyib.
İ. Nağıyevin sözlərinə görə, daxili yerdəyişmə ilə bağlı test imtahanı mayın 14-də keçiriləcək: “Mayın 1-dən artıq ərizə qəbuluna start verilib. Elektron qeydiyyat ayın 10-a kimi davam edəcək. Bakıda test imtahanı mayın 14-də keçirilsə də, elə rayonlar ola bilər ki, orda test imtahanına lüzum olmasın. Çünki əksərən rayon yerlərində elan olunan vakant yerə ancaq bir müəllimə müraciət edir və belə halda imtahana ehtiyac olmur. Direktorların rəyi əsasında yerdəyişmə həyata keçirilir”.
İ. Nağıyev bildirib ki, ötən il daxili yerdəyişmə üçün bir yerə ortalama 3, 5 və hətta 7 nəfər sənəd vermişdi, bu il də təxmini oxşar rəqəmlər gözlənilir.
Yerdəyişmə zamanı hər iki məktəb direktorunun müəllimin yerdəyişmə istəyi ilə bağlı müsbət rəyi olmalıdır: “ Müəllim birinci vakansiyanı seçir, elektron qeydiyyat həyata keçirilir. Daha sonra test imtahanı verir. İmtahandan məqbul nəticə göstərən müəllimə müsahibə mərhələsinə keçir. Müsahibə mərhələsində yerini dəyişmək istədiyi məktəbin direktoru da iştirak edir və onun da rəyi əsasında qərar verilir. Bəzi hallarda direktor tərəfindən narazılıq yaşanır”.