Bu gün Azərbaycanın ilk uşaq telekanalı “Günəş TV”-nin 1 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, uşaqların sevərək izlədiyi “Günəş TV” 1 aprel 2015-ci il tarixindən şimal regionunda fəaliyyətə başlayıb. 10 aprel 2015-ci ildən etibarən “Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçırən “Günəş TV” ilk vaxtlar 16 saat ,1 iyundan etibarən isə 24 saat yayıma keçib. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV” ölkənin azyaşlı izləyicilərinə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir.Bir neçə əməkdaşla işə başlayan televiziya qısa zaman çərvivəsində kollektivi ilə yanaşı, efir proqramlarını da genişləndirə bilib.
Region teleşəbəkəsinə daxil olan “Günəş TV” regional kanallarla (Region TV, RTV, ELTV, CTV, KəpəzTV, KanalS) sıx əməkdaşlıq edir.Bu əməkdaşlıq nəticəsində həmin kanalların istehsalı olan,regionda maraqla izlənən verilişləri “Günəş TV”-nin efirində yayımlanır. Məktəblilər üçün nəzərdə tutulan ”Bilik kuboku”, “Bilik xəzinəsi”, “Zirvə”, “Elin zəkası” verilişlərində şagirdlər arasında teleyarışmalar təşkil olunur. Bu yarışmalar məktəblilərə intellekt səviyyəsini nümayiş etdirmək imkanı verir. ”Bizim həyət” “Balacalar”, “Dostlar””Bilirsinizmi?” verilişləri isə azyaşlılar uşaqlar üçün nəzərdə tutulub. Tərbiyəvi əhəmiyyətə malik olan bu verilişlər vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq vərdişləri öyrədilir.
Bu gün 1 yaşını qeyd edən televiziya balaca tamaşaçılarda böyük maraq oyatmağı bacarıb. Hazırda televiziya texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işləri davam etdirir. Milli –mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “Günəş TV” gələcəkdə maarifləndirici verilişlərin sayını artırmaqla bir sıra layihələrə də imza atacaq.