Son dövrlərdə Azərbaycanda istehsal olunan, eyni zamanda ölkədə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirilib.
Müayinələr zamanı pomidor bitkisinin tərkibində İnsektisid qrupundan olan Supermetrin adlı maddənin qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan çox olduğu aşkar olunub.
Buna görə də ümumi çəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərti ilə termik üsulla məhv edilib.
Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.