<b>Nicdə "Pasxa" bayramı qeyd edildi</b>
16 aprel 2017 22:35 (UTC +04:00)

Nicdə "Pasxa" bayramı qeyd edildi

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər.

 

APA-nın yerli bürosunun xəbərinə,  görə Nic qəsəbəsindəki “Cotari” kilsəsində təşkil olunan bayram mərasimində Alban-udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər.

 

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. Dini ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub. Bayram tədbirində udin xalqının qədim ənənəsi canlandırılıb, udin dilində ifa olunan mahnılar, müxtəlif yeməklər və şirniyyatlarla bəzədilən süfrələr hamıda xoş əhval ruhiyyə yaradıb. Məlumat verilib ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

 

Sonra kilsənin həyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkil etdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kursun iştirakçıları olan udi gənclərinə sertifikatlar təqdim edilib. Həmçinin, Bilik Fondu tərəfindən kilsəyə 60 adda kitab hədiyyə edilib. Azərbaycan, rus, ingilis dillərində olan bu kitabların, eləcə də “Multikulturalizm” jurnalının sərgisi açılıb. Pasxa bayramını qeyd etmək üçün “Cotari” Alban-udi kilsəsinə toplaşan Nic sakinləri kitab sərgisi ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar