Səkkiz yaşlı qızın kilsəyə gedərkən yoxa çıxması Çikaqo polisinin on illərdir həll edə bilmədiyi bir faciəyə çevrilib. Yalnız müasir texnologiya cinayətin arxasında kimin olduğunu müəyyən ləşdirməyə kömək edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ-da 65 ildən çox əvvəl ölən səkkiz yaşlı qızın qatilinin ehtimal olunan şəxsi müəyyən edilib. Təxminən otuz il hüquq-mühafizə orqanlarında çalışmış Çikaqo polisinin keçmiş qətl detektivinin cinayətdə iştirak etdiyini öyrənən müstəntiqlər təəccübləniblər.
Faciə 1960-cı il noyabrın 12-də baş verib. Həmin gün səkkiz yaşlı Qloriya Kovaleviç Çikaqonun Vest-Enqlvud məhəlləsindəki evindən çıxıb kilsəyə gedib. Lakin qız bir daha evə qayıtmayıb.
İtkin düşmüş qızın axtarışına təkcə hüquq-mühafizə orqanları deyil, həm də yanğınsöndürənlər, veteranlar və oğlan skautlar da daxil olmaqla çoxsaylı könüllülər qoşulub. Qloriyanın cəsədi daha sonra evindən bir neçə kilometr aralıda bir dərədə tapılıb. Meyit müayinəsi nəticəsində onun başından iki güllə yarası aldığı müəyyən edilib.
İstintaq zamanı polis qızın ölümündən bir müddət əvvəl naməlum bir kişinin yanında görüldüyünü aşkar edib. Həmçinin, qətldən əvvəl onun meşəlik əraziyə aparıldığını da müəyyən ediblər. Bu ifadələrə baxmayaraq, cinayətkar tapılmayıb.
Müstəntiqlər yalnız 2026-cı ildə müasir DNT test metodları sayəsində yeni bir məlumat əldə ediblər. Federal Təhqiqat Bürosunu mütəxəssisləri genetik şəcərə məlumatlarından istifadə ediblər ki, bu da işdəki sübutlarla Tomas Fransis Makİnerni arasında əlaqə yaratmağa kömək edib.
Qloriyanın ölümü zamanı kişinin 24 yaşı olub. O, qızın ailəsinin yaxınlığında yaşayıb və uzun müddət Çikaqo polisində çalışıb.
Bu tapıntılar əlavə DNT, barmaq izi və ballistik testlər vasitəsilə təsdiqlənib. Toplanan dəlillərə əsasən, hüquq-mühafizə orqanları Makİnerninin səkkiz yaşlı qızın qətlində iştirak etdiyi qənaətinə gəlib.
Məlumdur ki, bu şəxs Çikaqo polisində 28 il xidmət edib, digər vəzifələrlə yanaşı, qətllərin araşdırılması şöbəsində də çalışıb. Xidmətini başa vurduqdan sonra karyerasına Federal ictimai müdafiəçi ofisində müstəntiq kimi davam etdirərək Las-Veqas və Renoda işləyib. Makİnerni 2004-cü ildə təqaüdə çıxıb və iki il sonra vəfat edib. Makİnerni həmçinin üç qızı da daxil olmaqla beş uşaq atası olub və nəvələri olub.
Çikaqo polisinin detektivlər üzrə rəisi Kevin Bruno keçmiş hüquq-mühafizə orqanı əməkdaşının belə bir cinayətdə iştirakının dərin narahatlıq doğurduğunu etiraf edib. Eyni zamanda, o, polisin işin hallarını gizlətməyə və ya kiçiltməyə çalışmayacağına əminlik verib.
Qurbanın qohumları üçün şübhəli qatilin kimliyinin müəyyən edilməsi on illərdir cavabsız qalan bir suala çoxdan gözlənilən cavab olub.
Qloriyanın qardaşı Adam Kovaleviç ümid etdiyini bildirib ki, bu xəbər nəhayət, mərhum valideynlərinin rahatlıq tapmasına imkan verəcək. Lakin o, şübhəlinin məhkəmədən yayınmasına görə məyus olduğunu etiraf edir.
"O, heç vaxt günahlarına görə cəzalandırılmayıb. Yalnız ümid etmək olar ki, o, Allah qarşısında cəzalandırılacaq", - qətlə yetirilən qızın qardaşı bildirib.