GÜNÜN ŞƏRHİ
Ötən illərin təcrübəsi göstərdi ki, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı Türkiyə və Ermənistanın gələ biləcəyi ortaq nöqtə yoxdur. Çünki soyqırımı iddiaları Ermənistanın və erməni xalqının var olma səbəbidir. Kilsə məhz bu iddialara görə cəmiyyət və siyasət üzərində təsirini saxlayır, diaspora məhz bu iddia ətrafında birləşə bilir, Ermənistan büdcəsini formalaşdıran ianələr məhz bu ideoloji fəaliyyət nəticəsində toplanır. Bu, Ermənistanın xarici siyasi fəaliyyətinin əsas istiqamətlərindən biridir, bir anlığa soyqırımı iddialarının aradan qalxdığını təsəvvür etsək, bunların heç biri olmayacaq. Deməli, "erməni soyqırımı" iddiaları heç zaman gündəmdən qalxmayacaq. Hətta tutaq ki, Türkiyə bu iddiaları qəbul etsə, təzminat ödəsə, torpaq versə belə. Buna görə qondarma "erməni soyqırımı" iddialarının heçə çıxarılması fəaliyyəti həm Türkiyədə, həm Azərbaycanda mövsümi olmamalı, sistemli xarakter daşımalıdır. Erməniləri bu yalanlara əsaslanan bu silahdan məhrum etməyin tək yolu müdafiə olunmaq deyil, hücuma keçməkdir. Soyqırımı olmadığını isbatlamaq üçün ermənilərin gördüyü işin yarısı qədər iş görülsə, bu silah korşalacaq. Həm də bu prinsip təkcə Türkiyənin deyil, Azərbaycanın da xarici siyasi fəaliyyətinin əsas istiqaməti olmalıdır. Çünki o dönəmlərdə soyqırımına məruz qalan ermənilər deyil, biz türklər olmuşuq, o qırğınlardan Azərbaycan türklərinin də nəsibinə pay düşüb. Bu mənada əsassız erməni soyqırımı iddialarına qarşı dünya miqyasında mübarizə aparmaq bizim vəzifəmizdir, bu, həm də ötən əsrin əvvəllərində erməni vəhşiliyinin qurbanı olan babalarımızın ruhu qarşısında daşıdığımız borcdur.
Vüqar MƏSİMOĞLU
[b]Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Aprel[/b]
318