İctimai yerlərdə, xüsusən də qapalı məkanlarda siqaret çəkilməsi ölkəmizdə böyük problemə çevrilib.
Birinci Avropa Oyunlarının Bakıda təşkili bu problemi yenidən gündəmə gətirib. Azərbaycanda qəbul edilmiş “Tütün və tütün məhsulları” haqqında qanunun “Tütün məmulatının istehlakına dair məhdudiyyətlər” adlı 21-ci maddəsinə əsasən, tədris, tərbiyə, səhiyyə, sağlamlıq, mədəniyyət obyektlərində, habelə, idman yarışları , başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda, fərdi iş otaqları, siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla , iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret istifadəsinin qadağası nəzərdə tutulub. Qanuna əsasən mehmanxanalarda siqaret çəkənlər üçün yer ayrılmalıdır. Müəssisə, idarə-təşkilat rəhbərləri və digər işə götürənlər siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Lent.az-a açıqlamasında bildirib ki, Avropa Oyunları öncəsi bu məsələyə toxunulmayıb, bir sözlə, gündəmə gətirilməyib:
- Restoranların, habelə ictimai obyektlərin hər biri fərdi sahibkara məxsusudur. Öz obyektlərində siqaretin qadağasını tətbiq etmək, ya xüsusi kabinetlər təşkil etmək onların öz işidir. Yalnız “ictimai yerlərdə siqaretin qadağası” ilə bağlı qanun layihəsi qəbul edildikdən sonra bu sahədə ciddi addımlar atıla bilər.