Tərkibi psixiatrik maddələrdən ibarət olan "dizayn-narkotik" maddələrin siyahısı Nazirlər Kabinetinə təqdim olunub.
Lent.az-in məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov narkoloji xidmətin mövcud vəziyyəti və görülən işlər barədə dəyirmi masada deyib. O bildirib ki, bu gün dünyada "dizayn narkotik"dən geniş istifadə olunur. Bununla bağlı Vyanada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həmin narkotiklərin müvafiq siyahıya salınması məsləhət görülüb. Bu tövsiyə yekdilliklə qəbul olunub. Bununla da həmin maddələr qadağan olunmuş narkotik vasitələrin tərkibinə daxil edilib.
T. Məmmədhəsənovun sözlərinə görə, hazırda Azərbaycanda da bu istiqamətdə işlər gedir: "Həmin narkotik vasitələr müəyyənləşdirilərək siyahıya alınır. Onların qadağan olunmuş narkotik və psixotrop maddələrin, dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına salınması nəzərdə tutulub. Siyahılar hazırlanaraq təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib. Orada müvafiq nazirliklərlə müzakirələr təşkil olunacaq, son siyahı hazırlanacaq. Milli Məclisə bununla bağlı layihə təqdim olunacaq və yekun qərarı prezident təsdiqləyəcək".
Mərkəz direktoru qeyd edib ki, bunlar sintetik yolla hazırlanan narkotik vasitələrdir: "Onlar dərman vasitələri deyil. Yeni təqdim olunan "dizayn narkotik"lərinin siyahısı ümumi narkotik vasitələrin siyahısına əlavə kimi təqdim olunacaq. Ümumilikdə siyahıya 12 adda yeni "dizayn narkotik"lərin adı əlavə ediləcək. Onlardan 7-si ümumi narkotiklərin siyahısına, 4-ü dövriyyəsi qadağan olunan psixotrop maddələrin (onlar psixi təsir göstərir), biri isə dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına daxil ediləcək". Bütün yeni narkotik maddələr beynəlxalq təcrübədə "dizayn narkotik"ləri adlandırılır. Çünki onların tərkibləri müxtəlif psixiatrik maddələrdən təşkil olunub.
Azərbaycanda son dövrlər bu tip narkotiklərə təsadüf olunur. Ölkə üzrə geniş yayılmasa da, qabaqlayıcı tədbirlər görülməsi üçün onların bu və ya digər siyahıya salınması tövsiyə olunur.