“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb. “Azərsu”-dan Lent.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə əhali qrupu istehlakçıları abonent koduna görə son 12 ay üzrə ödəniş və faktura məlumatlarını əldə etmək imkanı qazanır. Xidmətdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir. Xidmət tam avtomatlaşdırılıb və real vaxt rejimində icra olunur. Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən audentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidirlər. Bundan sonra istifadəçi ona təqdim olunan elektron ünvanda açılan ekranda “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətini seçərək istifadə edə bilər.
Müraciət edən şəxs 13 rəqəmli abonent kodunu sistemə daxil etdikdən sonra şəxsi məlumatlarına baxış imkanı əldə edir. İstehlakçıya aşağıdakı şəxsi məlumatlar təqdim olunur:
Abonentin adı, soyadı, ata adı;
Abonentin yaşayış ünvanı;
Xidmət göstərilən şəxslərin sayı;
Göstərilən xidmətin növü;
Sayğacın tipi;
Hesabat ili və ayı;
Son 12 ay üzrə faktura sərfiyyatı;
Son 12 ay üzrə faktura məbləği;
Son 12 ay üzrə ödənilmiş məbləğ.
Qeyd edək ki, “Azərsu” ASC-nin “Elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 11-ə çatdırılıb.