Prezident Naxçıvanda bir sıra obyektlərin açılışını edib - YENİLƏNİB
01 dekabr 2015 20:13 (UTC +04:00)

Prezident Naxçıvanda bir sıra obyektlərin açılışını edib - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir.

 

Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

 

Qeyd edilib ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.

 

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşüb.

 

Dövlət başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verib.

 

İ. Əliyev stansiyanın açılışını bildirən düyməni basıb.

 

Prezident İlham Əliyev həmçinin Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verilib ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir.

 

Sonra prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq.

 

Sonda dövlət başçısı müəssisəni işə salıb.

 

 

**** 19.06

 

Muxtar respublikaya səfəri çərçivəsində Prezident İlham Əliyev Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, layihənin baş planı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib. 2010-cu ilin mayında başlayan tikinti işləri yerinə yetirilib, 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb, şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

 

Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basıblar.

 

 

Həmçinin, prezident İlham Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib, xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, proktologiya, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir. Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də xəstələrin ixtiyarında olacaq. 130 həkimin, 467 orta və kiçik tibb işçisinin çalışdığı xəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb. Xəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb. Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb, sonda xatirə şəkli çəkdirilib.

 

 

Prezident həmçinin Naxçıvanda Günəş Elektrik Stansiyasının və Naxçıvan Sənaye Kompleksinin açılışında da iştirak edib.

 

***

 

18:06

 

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident İlham Əliyevə məlumat verilib ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli məktəbdə 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Dövlət başçısı məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Həmçinin, prezident İlham Əliyev səfər çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında da iştirak edib, məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

 

Dövlət başçısına məlumat verilib ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana , müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub. Muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımı infrastrukturla təchiz olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar