BakıdaTövratın təqdimatı keçirilib
02 noyabr 2015 13:05 (UTC +04:00)

BakıdaTövratın təqdimatı keçirilib

0

Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Los -Anceles şəhərindəki Sinay Məbədinin nümayəndə heyəti Bakıda yaşayan dağ yəhudiləri icmasının üzvləri ilə birgə İsrailin məşhur xalq mahnısı “Hava Nagila”nın sədaları altında Tövratı təntənəli şəkildə sözügedən sinaqoqa gətiriblər.

 

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe Azərbaycan çoxəsrlik multikultural dəyəri, tolerant mühiti ilə bütün dünya ölkələrinə örnək ola biləcəyini vurğulayıb.

 

Sinay Məbədinin kişi klubunun prezidenti Kary Lerman Tövratın onları  Bakıya gətirdiyini deyib: “Burda olmağımızdan böyük şərəf hissi keçirir və Azərbaycan dövlətinə, xalqına çox minnətdarıq. Bakıda müqəddəs Tövratı təqdim etmək bizim üçün böyük bayramdır. Yəhudilərin xilasının sirri Tövratdır. Tövrat sülhün, qarşılıqlı anlaşmanın və sevginin simvoludur. Bu mərasimin reallaşmasında əməyi olan hər kəsə minnətdaram. Prezident İlham Əliyevin multikulturalizm sahəsində gördüyü işlərə görə ona çox minnətdarıq və ABŞ-a geri qayıdanda bunu orada da deyəcəyik. Bütün bunları unutmayacağıq”.

 

Elie Alyeşmerni Tövratı sevginin nişanəsi kimi səciyyələndirib: “Təqdim olunan Tövrat vasitəsilə bizim icma sizin icmaya sonsuz sevgisini çatdırır. Bu Tövratın bütün tərkibi İsraildə, axırıncı qırx sözü Los -Ancelesdə yazılıb”.

 

Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bugünkü tarixin yaddaşlarda həmişə yaşayacağını diqqətə çatdırıb: “Bu unudulmaz bayramı bizə bəxş edən qardaşlarımıza minnətdarıq. Azərbaycanda yəhudilər və bütün xalqlar sərbəst, tam əmin-amanlıq şəraitində rahat yaşayırlar. Bu dostluq və qardaşlığın  əbədi olacağına inanıram”.

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu təqdimat mərasimini xalqları, mədəniyyətləri birləşdirən dəyər kimi xarakterizə edib.

 

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda yəhudilərin neçə yüz illərdir dinc, qardaşcasına yaşadığını dilə gətirib. 

 

Professor Səməd Seyidov bildirib ki, bu gün təqdim olunan Tövrat həm də xalqları, icmaları birləşdirir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan dövlətinin ünvanına bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin bir arada sülh, qardaşlıq şəraitində yaşaması ilə bağlı dedikləri xoş sözlərə görə  qonaqlara təşəkkür edib.

 

Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb. Qubada onlar Heydər Əliyevin abidəsini, Quba rayonu icra başçısı Yaşar Məmmədovla birlikdə Soyqırım Memorialını ziyarət ediblər. Qonaqlar  Qubadakı Qırmızı Qəsəbəyə baş çəkərək orada  Dağ Yəhudiləri İcması ilə görüşüblər. Nümayəndə heyətinin üzvləri burada Tövratın öyrənildiyi dini yəhudi məktəbində - Yəhudi Mədəniyyət Mərkəzində olublar. Qonaqlar qəsəbədəki sinaqoqlara baş çəkiblər, duaoxuma mərasimində iştirak ediblər. Millət vəkili Yevda Avramov Sinay Məbədinin nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib, Azərbaycanda əsrlərdir multikultural dəyərlərin həyat tərzi kimi yaşandığını diqqətə çatdırıb.

 

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Bakıda bir sıra mühüm görüşlər keçirəcək.  

 

Qeyd edək ki, sözügedən Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə bağışlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar