Qusardakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinin xidmətlərindən istifadə imkanları məhdudlaşdırılıb. Lent.az-ın məlumatına görə, bu yaxınlarda obyektə istirahət üçün yollanan insanlar “sürpriz”lə qarşılaşıblar.
Onlara bildirilib ki, kompleks bağlıdır və yalnız qış aylarında açılacaq. Hətta kanat yolundan istifadəyə də icazə verilməyib.
Kompleksdən isə Lent.az-a bildirilib ki, qış mövsümünə hazırlıqla əlaqədar hazırda ərazidə profilaktik işlər aparılır. Eyni zamanda “Şahdağ” otelinin tikintisi gedir. İnsanlar kompleksdə qış mövsümü açıldıqdan sonra istirahətə gələ bilərlər: “Qış mövsümü dekabrın ortalarında başlanacaq. Dəqiq tarixi isə noyabrın sonlarında ictimaiyyətə açıqlanacaq. Hazırda turizm obyektində profilaktik işlər və “Şahdağ” otelinin tikintisi aparılır. Bu səbəbdən, kompleksin xidmətlərindən, xüsusən, kanatdan istifadəyə icazə verilmir”.
Hələlik insanlar yalnız “Qaya” və “Zirvə” otellərinin xidmətindən yararlana bilərlər. Yayda isə turistlər müvafiq əyləncə növlərindən istifadə ediblər.
Kompleksdən o da bildirilib ki, turistlər üçün xizək trasını ərazidəki temperatur mənfi dərəcəyə endikdən sonra açmaq mümkün olacaq. Hazırkı hava şəraitində süni qar qurğusu da qar istehsal etmək iqtidarında deyil.
Qeyd edək ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksi Qusar rayon mərkəzindən 25 km şimalda, “Şahdağ” zirvəsinin ətəyində yerləşir. Burada dağ xizək idmanı, idmanın digər qış növləri ilə yanaşı, tennis, futbol və basketbol meydançaları, üstü örtülü idman qurğuları, akvapark və hovuzlar, əyləncə-oyun kompleksləri, piyada və at gəzintisi, eləcə də 21 kanat yolu nəzərdə tutulub.