Avqustun 27-də «Moskva metropoliteni» Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başlanıb.
«Bakı Metroliteni»QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Heydər Əliyevin, Zərifə Əliyevanın, Şəhidlər xiyabanında qanlı «20 Yanvar» tarixinin günahsız qurbanlarının məzarlarını ziyarət ediblər.
Səfər proqramı çərçivəsində «Bakı Metropoliteni»QSC-də keçirilən görüşdə QSC sədri Zaur Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağına əminliyini ifadə edərək 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin və Dövlət proqramının təsdiq olunması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verib.
Moskva metropoliteninin rəisi Dmitri Peqovla qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir və təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.
Qonaqlar metropolitenin «Nərimanov» elektrik deposunda olublar. Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti metropolitenin təlim-tədris mərkəzinin qatar maşinistlərinin texniki kabinetində, 81-760, 81-761,81–763 tipli qatarların tədris prosesinin yekunu olaraq, keçirilən imtahanları da izləyib.
Qeyd edək ki, tədris prosesi Moskva metropoliteninin işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin yaxından iştirakı ilə keçirilir. Həmin xidmətin mütəxəssisləri Bakıda biraylıq tədris kursunu aparmaqla, müdavimlər üçün imtahanların təşkili və keçirilməsində də əhəmiyyətli rol oynayırlar.
Bu gün "Moskva metropoliteni" Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyətinin Bakı metropoliteni ilə tanışlığı davam edib.
Sonra nümayəndə heyəti qatarla metropoliten səyahətinə çıxıb. “İçərişəhər” stansiyasında onlara dövlətin dəstəyi sayəsində əsaslı yenidənqurma tədbirləri barədə məlumat verilib.
”Gənclik” və “Nəriman Nərimanov" stansiyasında olan qonaqlara cari təmir işləri, bu xüsusda son dövrlərdə həyata keçirilən nümunəvi sosial layihələr barədə məlumat verilib. «Nizami» stansiyasında qonaqlar stansiyaların bir-birindən fərqli memarlıq xüsusiyyətləri ilə seçilməsini, mövzu etibarı ilə milli ornamentlərə diqqət yetirilməsini, buna hətta yenidənqurma zamanı da diqqət yetirilməsini xüsusi qeyd edərək, bu mənada Bakı metropoliteninin özünəməxsusluğu ilə fərqləndiyini bildiriblər.
“Dərnəgül” stansiyasında onlara Bakıda son illərdə inşa olunmuş metro stansiyaları barədə geniş məlumat təqdim olunub.
Nümayəndə heyəti Bakı metropoliteninin perspektiv inkişaf sxemi və Dövlət proqramına uyğun inşa edilən yeni Bənövşəyi xəttin şərti adı “Memar Əcəmi-2” olan stansiyasında olub.