“Made in Azerbaijan” müsabiqəsinin qalibi müəyyən edilib
22 aprel 2016 18:37 (UTC +04:00)

“Made in Azerbaijan” müsabiqəsinin qalibi müəyyən edilib

 

Aprelin 22-də Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi müəyyən edilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC rektoru Ədalət Muradov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd dövlət başçısının 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

 

Rektor “Made in Azerbaijan” brendinin gənclərin yarada biləcəyinə inandığını vurğulayıb.

 

Müsabiqənin mahiyyətini yüksək qiymətləndirən “Kapital Bank” ASC-nin idarə heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib ki, Ekspertlər Şurasının 9 universitetin 65 tələbəsinin təqdim etdiyi 59 biznes ideya içindən 7 finalçını seçib.

Tədbirdə 7 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib.

 

Belə ki, müsabiqənin qalibi UNEC-in III kurs tələbəsi Kərim Rzabəyli ilə Xəzər Universitetinin III kurs tələbəsi Alpaslan İsmailovun birgə hazırladığı “EcoRise” kompüter oyunu layihəsi olub. İkinci yerə UNEC-in III kurs tələbəsi Fəqan Çələbizadənin “TagWishes.com”, üçüncü yerə isə UNEC-in IV kurs tələbəsi Xəyyam Gözəlovun “Xarı Bülbül” (“Karabah House”) biznes ideyaları layiq görülüb.

 

Bildirək ki, I yerin qalibi 1000, II yer 750, III yer isə 500 AZN ilə mükafatlandırılıb. 4 finalçıya isə 200 AZN məbləğində pul mükafatı verilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar