“Exit-poll” haqqında nə bilirik? - ARAŞDIRMA
09 oktyabr 2013 08:38 (UTC +04:00)

“Exit-poll” haqqında nə bilirik? - ARAŞDIRMA

Azərbaycanın Qərbə inteqrasiyasında prioritet məsələlərdən biri də təbii ki, ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış Fəaliyyət Planında 10 prioritet sahə müəyyən edilib ki, bunlardan da biri “Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi”dir. 



“Exit-poll”nədir?



İstənilən ölkədə seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün “Exit-poll” və müşahidənin keçirilməsinin mühüm əhəmiyyəti var. “Exit-poll” və seçkilərin müşahidəsi səsvermə və səslərin sayılması zamanı saxtakarlıq hallarının qarşısının alınması və şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayır. Seçkilərin müşahidəsi sahəsində Azərbaycanda artıq kifayət qədər təcrübə olsa da, “exit-poll” barədə seçicilər arasında məlumat nisbətən azdır. Seçkilərin monitorinqi zamanı müşahidəçilər əsasən – səsvermə başlamazdan əvvəl məntəqənin səsvermə üçün yararlılığını yoxlayır, seçici siyahısı ilə tanış olur, səsvermə başladığı vaxtdan səsvermənin nəticələri üzrə rəsmi protokolların tərtib olunmasına kimi prosesi, seçicilərin səslərinin təkrar hesablanmasını, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə edir, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb edir, nəticələr haqqında rəsmi protokolların surətlərini əldə edir və s.

Bəs “Exit-poll” nədir? “Exit-poll” vətəndaşların seçki günü verdikləri səslərin təkrar sayılması deməkdir. “Exit-poll” səslərin sayının yoxlanılmasının bir yoludur. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır. Belə ki, seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri barədə sual verir, seçicilərin qısa anketi cavablandırması ilə bu prosesi həyata keçirirlər. “Exit-poll”da iştirak birmənalı olaraq, könüllü və anonimdir. Yəni sorğu anonim aparılmalı, sorğu keçirənlər seçicinin cavablarını heç kimə göstərməməlidirlər. Sorğuya cavab verən seçicilər “Exit-poll” sorğu vərəqini təklikdə doldurur, cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri “Exit-poll” qutusuna atırlar. Səslərin hesablanmasının yekun nəticələri “Exit-poll”un gözlənilən xəta həddindən kənara çıxarsa, bu zaman səslərin rəsmi hesablanmasının saxta olması barədə şübhələr yaranır.



“Exit-poll”un tətbiqi tarixi



İctimai rəyin öyrənilməsi bütün dövrlərdə mövcud olan dövlətlərin, eləcə də cəmiyyətlərin hər zaman maraq dairəsində olub. Məxsusi olaraq, sorğuların keçirilmə tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Maraqlı məqam budur ki, bu sorğuları keçirənlər məhz jurnalistlər olub. O zaman sorğu anketləri açıqca şəklində qəzetlərə abunə olan insanların poçt ünvanlarına göndərilib. 1880-ci ildə belə sorğu-anketlərin sayı 3 milyonu ötürdü. Bütün bunlar yalnız ictimai rəyi öyrənməyə xidmət edirdi. Seçicilərin rəyini öyrənmək məqsədilə isə ilk “saman” sorğuları adlanan sosioloji tədqiqatlar hələ XIX əsrdə keçirilib. Bundan sonra uzun müddət sorğular seçki ərəfəsində keçirilib. Lakin bu, müəyyən xətalarla müşayiət olunub. Belə ki, bəzən seçkilərdən bir neçə gün əvvəl baş verən hadisələr seçicilərin rəyinə təsir göstərdiyi halda, sorğular bunu nəzərə almırdı. Nəticədə verilən proqnozlar səhv olurdu. Səbəb sorğu ilə əhatə olunanların müəyyən hissəsinin heç də real seçici olmamaları, yəni seçki günü səs verməmələri idi. Baxmayaraq ki, sorğu zamanı onlar səs verəcəklərini və seçdikləri namizədin adını göstərirdilər. 

Bundan başqa, rəyi soruşulanların bir hissəsi öz seçimini hələ etmədiklərindən sualları cavablandıra bilmirdi. Təcrübə onu göstərir ki, real seçicilərin rəyini öyrənmək yalnız seçki günü seçki məntəqələrində mümkündür. Beləliklə, tədricən məhz bu gün bütün dünyada geniş tətbiq olunan seçki günü seçki məntəqələrinin çıxışında səs vermiş seçicilərin rəy sorğusu "exit-poll" həyata keçirilməyə başlanıb. İlk dəfə səs vermiş seçicilərin rəy sorğuları ABŞ-da televiziya kanalları tərəfindən 1960-cı illərdə tamaşaçıları seçkilər barədə maksimal dərəcədə operativ məlumatlandırmaq məqsədilə icad olunub. Sonradan bu tədqiqat seçkilərin KİV-də işıqlandırması üsullarından ən əhəmiyyətlisinə çevrilib. 
 

1972-ci ildə isə ABŞ-ın bütün seçki dairələrində ilk müasir "Exit-poll" keçirilib. Hazırda da bu tədqiqat çox geniş yayılıb. Meksikadan tutmuş Yaponiyaya kimi, hətta 1990-cı illərdən etibarən Rusiya, Ukrayna, Gürcüstan və MDB məkanındakı digər ölkələrdə də "Exit-poll" tətbiq edilir.

“Exit-poll” 60-cı illərdən Amerikada keçirilməyə başlayıb. Adətən, hansısa kommersiya təşkilatının və ya medianın sifarişi ilə aparılır. Seçki günü müəyyən məntiqlə seçilmiş bəzi seçki məntəqələrinin çıxışlarında dayanan “Exit-poll” nümayəndələri müəyyən alqoritmlə insanları ikinci dəfə “Exit-poll” seçkilərinə dəvət edir. Nəticədə həmin məntəqədə çıxan nəticələrlə “Exit-poll”-un nəticələri müqayisə olunur. Amma qeyd edək ki, “Exit-poll” bir sorğu növüdür. Onun qanuni əsası yoxdur. Bundan başqa, o, müşahidə yox, dolayı nəzarət mexanizmi deməkdir.



“Exit-poll” Azərbaycanda



Azərbaycanda bu tədqiqatın keçirilmə tarixi XXI əsrin ilk illərinə təsadüf edir. Sovetlər Birliyi dövründə və müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra baş verən seçki proseslərində "Exit-poll" sorğusundan istifadə edilməyib. 
 

Ölkəmizdə "Exit-poll” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən (AVCİYA) 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində həyata keçirilib. Bu iş sonradan 2005-ci il parlament, 2008-ci il prezident və 2009-cu il martın 18-də keçirilmiş Referendumda daha da təkmilləşdirilib. 

“Exit-poll”ların təşkilində Azərbaycan bir çox ölkələrlə əməkdaşlıq edir ki, onlardan biri də Amerika Birləşmiş Ştatlarıdır. ABŞ Hökumətinin azad, ədalətli, demokratik seçkilərin keçirilməsi məqsədinə nail olması üçün Azərbaycana göstərdiyi yardım çərçivəsində həyata keçirdiyi bu proqram artıq neçə illərdir ki, ciddi effekt verir və seçki mühitinin şəffaflaşmasına kömək edir. “Exit-poll” seçkilərin Azərbaycan xalqının demokratik seçki gözləntilərini təmin etməsinə və azad və ədalətli seçkilər üzrə beynəlxalq standartlara cavab verməsinə kömək etmək üçün ABŞ hökumətinin, o cümlədən USAİD-ın göstərdiyi əhatəli fəaliyyətin xüsusi bir hissəsidir.

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə prezident, parlament, ardınca isə bələdiyyə seçkilərinin keçirilməsinə başlanılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün isə “Exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilib. Artıq Azərbaycan cəmiyyəti üçün də yad sayılmayan "Exit-poll"un mahiyyəti, məqsədi, ölkəmizdə keçirilmə tarixi, seçicilərin bu sorğuya münasibəti və sair məsələlərlə bağlı vəziyyət bir qədər fərqlidir.



Seçki texnologiyasında yeniliklər



Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra demokratik seçkilər üçün mühitin yaradılması istiqamətində müəyyən addımlar atılıb. Məsələn, 2003-cü ildə keçirilən prezident seçkilərində ilk dəfə olaraq, şəffaf seçki qutularından istifadə edilib, İFES-in vasitəçiliyi və Almaniya, Niderland, ABŞ və Böyük Britaniya dövlətlərinin köməyi ilə nömrəli plastik kilidli 7500 ədəd daşınmayan, 4950 ədəd daşınan şəffaf seçki qutusu hazırlanaraq ölkəyə gətirilib. Son seçkilərin əvvəlki seçkilərə nisbətən daha da təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları müsbət təsir göstərib. Səs verənlərin barmağına mürəkkəb vurulması praktikasından istifadə olunması, ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, xaricdən maliyyələşən bəzi yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və s. yeniliklər son parlament, prezident seçkilərinin və 18 mart 2009-cu il Referendumu üçün yaradılmış mühitin əvvəlkilərdən köklü surətdə fərqləndiyini açıq şəkildə ortaya qoyur.



“Exit-poll” necə keçirilir?



“Exit-poll” faktiki olaraq, verilmiş səslərin sayının yoxlanılmasının bir yoludur ki, ölkə üzrə bir çox məntəqələrdə qərəzsiz və müstəqil şəxslər tərəfindən həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, seçki günü bu qurumun sorğu keçirən əməkdaşları təsadüfi üsulla seçilmiş seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri haqqında sual verir, seçicilərdən qısa anketi cavablandırmaq xahiş olunur. Bir daha vurğulamaq istəyirik ki, "Exit-poll" sorğunun anonimliyini və sorğuda iştirak edən seçicinin cavablarını heç kimin görməməsini təmin etməlidir. Hətta sorğuya qatılan seçicilər “Exit poll” sorğu vərəqini şəxsən təklikdə doldurmalıdırlar. Məhz bu şərtlər yerinə yetirildkdən sonra onlar şəxsiyyətlərinin müəyyən edilməməsi və onların cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri aydın şəkildə işarələnmiş “Exit poll” qutusuna salmalıdırlar. Bu cür sorğu seçkinin təxmin edilən qalibinin erkən müəyyənləşdirilməsini təmin edir və mümkün seçki saxtakarlığının aradan qaldırılmasına şərait yaradır.
 

MSK sədri Məzahir Pənahov deyir ki, “exit-poll”la yanaşı, bu il 2 min seçki məntəqəsində veb-kameranın quraşdırılması da nəzərdə tutulur. Bu da öz növbəsində gələcəkdə “exit-poll”a olan zərurəti tədricən aradan qaldıra bilər.  

Qeyd edək ki, "exit-poll"un real nəticələr verməsi bir neçə amildən asılıdır:
 

Birincisi, düzgün metodologiyanın seçilməsidir. Yəni həm məntəqələrin seçilməsi, həm də işləmə mexanizmini özündə əks etdirən proqram olmalıdır. 
 

İkincisi, seçicilərin seçiminin düzgün aparılmasıdır ki, bu məsələdə seçicilərlə son dərəcə həssas davranılmalı, onlarla ciddi iş aparılmalıdır. Onlara inandırmaq lazımdır ki, həqiqətən də, seçicilərin cavabları anonim qalacaq. Digər tərəfdən, suallar seçicilərə düzgün izah edilərək onlardan real cavab alınmalıdır. İş prosesində bu, ən zəruri məqamlardandır. Ola bilər ki, seçici içəridə birinə, bayıra çıxıb "exit-poll"un sorğusuna cavab verən zaman isə başqasına səs versin. Seçicilər bilməlidirlər ki, səsvermə günü “Exit-poll”da iştirak etmək könüllüdür və heç kəs “Exit-poll”da səsverməyə məcbur edilə bilməz. Eyni zamanda “Exit-poll” zamanı tətbiq olunan səsvermə də anonimliyə təminat verməli, səsvermə qaydasının vacib prinsip və qaydaları gözlənilməklə icra edilməlidirlər. Seçicilər, xüsusilə ilk dəfə səs verən gənclər “Exit-poll”da qeyd olunan məqamların pozulduğu qənaətindirsə və ya bunu ehtimal edirsə, iştirakdan imtina edə bilərlər.

 

Bütün bu proseslərin düzgün həyata keçirilməsində, eləcə də seçicilər arasında "exit-poll"la bağlı düzgün maarifləndirmə işinin aparılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşür. 



“Exit-poll”un məqsədi



"Exit-poll"un mahiyyəti seçki məntəqələrini səs vermədən sonra tərk edən seçicilərin rəyini öyrənmək, alınan nəticələri seçkinin gedişatına təsir göstərməmək məqsədilə yalnız səsvermə bitdikdən sonra açıqlanmaqdadır. Bunun üçün xüsusi sorğu anketləri hazırlanır. Anonim şəkildə keçirilən sorğu prosesində anketlərə namizədlərin siyahısı ilə yanaşı, bir sıra başqa suallar da daxil edilir. Bunlar demoqrafik göstəricilər (yaş, cins, məşğuliyyət), səsvermə prosesinin təşkilinə münasibət və sairdən ibarətdir. Nəticədə fəal elektoratın sosial-demoqrafik göstəriciləri, konkret namizədin və ya partiyanın elektoratı, səsvermə prosesinin obyektivliyi, namizədin müəyyənləşdirilməsi vaxtı və təsir edən amilləri, həmçinin də digər məlumatlar əldə edilir. Bu da gələcəkdə seçki prosesinin, seçkiqabağı kampaniyaların keçirilməsi texnologiyalarının və "exit-poll" tədqiqatının özünün təkmilləşdirilməsinə kömək edir. Digər tərəfdən, "exit poll" seçki komissiyasının nəticələri rəsmi elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, seçkilərin nəticələrinə ictimai nəzarəti həyata keçirir. Onu da qeyd etmək yerinə düşər ki, beynəlxalq səviyyədə dünya təcrübəsinə əsaslanan elmi metodologiyaya uyğun keçirilən "exit-poll"un nəticələri seçkilərin düzgün keçirilməsini qiymətləndirmək imkanını verir.

Əslində, “exit-poll” potensial seçici ilə yox, real seçici ilə işləyir. Yəni kimsə seçkilərə gedəcəyəm deyib, həmin gün getməyə də bilər. Amma seçki məntəqəsindən çıxan insanlar real səs verəndir. Və bununla da onlardan alınan nəticə, əslində, reallığı əks etdirməlidir.

 

Mütəxəssislərin fikrincə, “exit-poll”-un 3 məqsədi var: ictimai nəzarət, proqnozlaşdırmaq və analitika. 

Bəzi ölkələrdə təşkilatların keçirdiyi “exit-poll” sorğuları geniş və ölkə miqyasında olur. Hər dəfə seçki mərhələsi başlayanda “exit-poll”un nə dərəcədə aktual olub-olmaması barədə müzakirələr başlayır. 

MSK-nın təlimatı

Qanunvericiliyə əsasən, səsverməyə iyirmi gün qalmış MSK-ya müraciət olunmalıdır. MSK isə səsverməyə on gün qalmış həmin müraciətlərə baxaraq qərar verməlidir. Belə olan halda, həmin müraciətlər aşkar şəkildə, mətbuatın iştirakı ilə müzakirə olunaraq həllini tapacaq.



Səsvermə günü "exit poll"



"Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 may tarixli Sərəncamı ölkədə müasir, ən qabaqcıl seçki texnologiyalarının tətbiqinə imkan yaratdı. Bu seçki texnologiyalarından biri də ixtisaslaşmış ictimai rəyçilər tərəfindən "Exit poll" prosesinin aparılmasıdır. “Exit poll”un keçirilməsi seçkilərə və səsverməyə nəzarət forması olaraq, seçkilərin nəticələrinə siyasi qiymət vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, “Exit-poll" keçirən təşkilatların obyektivliyi, hansısa siyasi qüvvələri dəstəkləməsi məsələsi hər zaman mübahisə predmeti olur. Bu baxımdan ən ideal variant bu sahədə dünyada tanınmış qurumların xidmətlərindən istifadə etməkdir. 

Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq (25.2.23-cü maddə) “Exit-poll” keçirən təşkilatlar seçkilərdə iştirak etmək üçün MSK-da akkreditasiyadan keçməlidir. MSK-nin 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik olan və nüfuzlu hüquqi şəxslər “Exit-poll” keçirən təşkilat kimi çıxış edə bilər. Qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri keçirilərkən “Exit-poll”a əlaqədar tədbirlərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə, habelə Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq iştirak edə bilərlər. Həmin təşkilatların adından “Exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər, bir qayda olaraq, seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdırlar. 

Məlumat üçün qeyd etmək lazımdır ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında ” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə “Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq, qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və "Exit-poll" həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı "Exit-poll"la əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər”.



"Exit- poll"la bağlı maraqlı hadisələr



"Exit-poll" bu gün bütün dünyada geniş tətbiq olunur, yəni seçki günü seçki məntəqəsinin çıxışında səs vermiş seçicinin rəy sorğusu aparılır, onun hansı namizədə səs verdiyi öyrənilir. Bu yolla seçki komissiyasının seçkinin nəticələrini rəsmən elan etməsindən öncə ilkin nəticələri əldə etmək imkanı yaranır. 


2005-ci ildə "PA Consulting Group"un keçirdiyi «Exit-poll»un nəticələri ABŞ hökuməti, ATƏT, Avropa Şurası tərəfindən də qəbul olunurdu və buna görə də əsas diqqət bu qurumun təşkil etdiyi sorğuya yönəlmişdi. Bunu nəzərə alan Azərbaycan müxalifəti də o zaman əvvəlcədən bəyan etmişdi ki, yalnız «PA Consulting Group»un keçirdiyi «Exit-poll»un nəticələrini tanıyacaq. Amma «PA Consulting Group» «Exit-poll»un nəticələrini elan edəndə məlum oldu ki, göstəricilər MSK-nın nəticələri ilə 80 faiz üst-üstə düşür. Elmi əsaslarla keçirilən «Exit-poll»lar seçki nəticələrindən cüzi fərqlənməlidir.



Yeri gəlmişkən...



Seçkilərin nəticələrini əvvəlcədən müəyyənləşdirmək üçün «Exit-poll»dan istifadə edən ilk sosioloq Uorren Mitofski olub. Mitofski bu üsulu ilk dəfə 1967-ci ildə Kentukki ştatında qubernator seçkiləri zamanı tətbiq etmişdi. 1972-ci ildən isə «Exit-poll» bütün ABŞ-da tətbiq olunmağa başlayıb. CBS telekanalında işləyərkən Mitofski həmkarı Cozef Vaksberqlə birgə əhali arasında telefon sorğusu keçirmək metodunu da kəşf etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3290
avatar

Anar Yusifoğlu

Oxşar yazılar