“Ən böyük arzum “QAZ-51”-ə minib 100 metr getmək idi” - SÖHBƏT
01 aprel 2013 16:19 (UTC +04:00)

“Ən böyük arzum “QAZ-51”-ə minib 100 metr getmək idi” - SÖHBƏT

Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötür tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. 

Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Növbəti qonağımız yazıçı- publisist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Arandır. 

 

“Katibin evinə papaq atmağa qorxurduq”

 

 

      - İlk öncə uşaqlıq illərinizdən danışardınız...

 

  • Uşaqlım illərim İmişli şəhəri, Cəfər Cabbarlı küçəsi 3-də keçib. Uşaq vaxtı adətən küçədə futbol oynayardım. Bu gün də mənim futbola fanatik bağlılığım onunla bağlıdır.  O zaman maşınlar az idi və onların küçədən gəlib-keçməsini bir möcüzə kimi qarşılayardıq. Köhnə “QAZ-51”-lərə heyranlıqla baxardıq. Ən böyük arzum tanış “QAZ-51” markalı yük maşınına minib, 100 metr getmək idi. Təbii ki rayonumuzda “raykomun bağı” deyilən yaşıl park vardı və günümüzün əksər hissəsi orda keçərdi. Bundan başqa velosiped sürərdik, Araza çimməyə gedərdik. Ən çox getdiyimiz yer isə Rayon Mərkəzi Uşaq Kitabxanası idi. Həmin kitabxananın müdirinin qardaşı mənim sinif yoldaşım idi və o, bizim uşaqları kitabxanaya üzv yazdırmışdı. Biz hamımız 2-ci sinifdən kitabxananın üzvü idik. Kitabxanaya gələn ən təzə kitabları hamıdan əvvəl biz oxuyardıq. Yadımdadır, bir dəfə bir kitabı götürüb 100 səhifədən çox oxumuşdum. Kitabxananın müdiri Şahsuvar Miriyevdən xahiş etdim ki, qapını bağlayıb, getsin nahar fasiləsinə, burda qalıb kitab oxuyub, qurtarım. Tək mən belə deyildim. Başqaları da kitabxananın oxu zalında axşama qədər əyləşib oxuyardı, ya da bir neçə kitab götürüb, evə aparardıq. Kitab oxumaqdan hədsiz ləzzət alırdıq.

    Novruz bayramına il boyu hazırlaşırdıq. Qonşulara qurşaq, papaq atardıq. Lakin küçəmizdə elə evlər vardı ki, onlara getmək mümkün olmurdu. Həmin evlər Füzuli rayonunun birinci katibinin, İmişli rayon İcraiyyə Komitəsinin sədrinin və digər vəzifəli şəxslərin idi. 

 

- İxtisas seçiminizə valideynlərinizin təsiri olubmu?

 

- Gözümü açandan atamı kitab, qəzet oxuyan gördüm. Atam ədəbiyyat müəllimi idi. Bundan başqa, evimizdə Azərbaycan və rus klassiklərinin, dünya ədiblərinin kitabları vardı. Atam bu kitabları böyük maraqla oxuyardı. Mən də atamı yamsılamaq üçün kitabları oxumağa başladım və o gündən kitabdan ayrıla bilmirəm. Kitab oxumaq ən böyük  hobbimdir. Bu gün də darıxanda, özümü yaxşı hiss etməyəndə, ən gərgin anlarımda kitaba müraciət edirəm və hər şey qaydasına düşür. Bütün bunlar məni müəllim olmağa sövq etdi. Amma ürəyimdən hüquqşünas, ya da jurnalist olmaq keçirdi. Həyatımın sonrakı dönəmlərində hər ikisinə nail oldum. Həm hüquq təhsili aldım (ikinci ali təhsil), həm də siyasətə jurnalistikadan gəldim.    

 

1968-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı APİ) Filologiya Fakültəsinə daxil oldum. 1972-1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyim İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işlədim. 1973-1974-cü illərdə  hərbi qulluqda oldum. Bundan sonra isə 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışdım. 1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri təyin olundum. Həmin dövrdə xalq hərəkatının qızğın vaxtı idi. O zaman hakimiyyət uğrunda mübarizədə müəyyən qüvvələrin rolu oldu və mən Təhsil şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırıldım. 1991-ci ilin yanvarın 2-də İmişlidən Bakıya gəldim. Artıq 22 ildir Bakıda çalışıram. Əvvəlcə "Elm" qəzetində şöbə müdiri, 1992-1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini oldum.

 

- Tələbəlik illərində “Səyyad Sadiq” imzası ilə mütəmadi olaraq yazılarınız dərc olunub. Bu “Sadiq” təxəllüsü haradan yaranıb?

 

- Bu təxəllüs atamın sənətini davam etdirməyimlə, öz prinsiplərimə, əqidəmə sadiq olmağımla bağlı idi. Amma  “Elm” qəzetində çalışanda təxəllüs kimi doğulduğum yerin coğrafi adını seçdim və Səyyad Aran imzası ilə yazmağa başladım. “Səs” qəzetinin çıxmasında, formalaşmasında, ora kənar müəlliflərin cəlb olunmasında çox böyük fəaliyyət göstərmişəm. 

 

“O zaman mətbuatda abır-həya vardı”

 

 

 

- O dövrün mətbuatı ilə müasir mətbuat arasında fərq nədir?

 

- O zaman mətbuatda sözün bütün mənalarında abır-həya vardı. Reket jurnalist anlayışı yox idi. Vətənpərvərliklə bağlı daha ciddi yazılar verilirdi. İndi isə yazıların böyük əksəriyyəti sensassion “faktlara” əsaslanır. Bunların da əksəriyyəti qərəzli, yalan və yaxud şişirdilmiş olur. Düzdür, indi peşəkarlıq artıb. Texniki inqilab jurnalistlərin də fəaliyyətinə təsir edib. Bu gün internet medianın inkişafı, saytların artması, onların xəbər sahəsində inadlı, operativlik cəhdləri yüksək səviyyədədir.

 

- Siz diplomat kimi də fəaliyyət göstərmisiniz...

 

 

- İstanbulda Baş konsul işlədiyim dövrdə çox həssas idim. Düzdür, İstanbulu qürbət hesab etmək olmaz. İkinci vətənimdə fəaliyyət göstərirdim. Orada hadisələrə daha həssas münasibət bəsləyirdim. Azərbaycanın inkişafını mən hər dəfə İstanbuldan Bakıya gələndə görürdüm. İstanbulda Bakıdakı qədər binalar tikilmir. Bakıdakı kimi sürətlə olimpiya kompleksləri, sağlamlıq mərkəzləri Türkiyədə də tikilsə, bu orada çox böyük möcüzəyə səbəb olar. Türkiyənin əyalətlərində Azərbaycanın rayonlarında olduğu kimi olimpiya kompleksləri yoxdur. İstanbuldakı xarici diplomatlar etiraf edirdilər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə sürüklənməsəydi, dünyanın ən inkişaf etmiş ölkələrindən biri olardı.

 

- Millət vəkili olanda sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edirdilər?

 

- Ən çox tale məsələləri ilə bağlı, eyni zamanda, iş problemi ilə bağlı müraciətlər olurdu. Bir dəfə Zərdabdan olan seçicim həbsdə olan qohumu ilə bağlı mənə müraciət etmişdi. Mən də onun qohumunun vaxtından əvvəl həbsxanadan azadlığa buraxılmasına köməklik etdim. Ümumiyyətlə, deputat kimi fəaliyyətimdə insanlara ən müxtəlif mövzularda köməklik etmişəm, lakin bunları sadalamaq mənə yaraşmaz. Çünki vəzifəmi yerinə yetirmişəm.

 

- Tələbəlik illərinizi necə xatırlayırsınız?

 

  • Çox gözəl tələbəlik illərim olub. Ailənin böyük övladı olduğuma görə, pul-para, geyim  sarıdan korluq çəkməmişəm. Mən tətilə gedəndə, və yaxud qohum-əqrəba Bakıya gələndə, həmişə cibimə pul qoyublar. Yaxşı yaşamışam, dəbdə olan paltarlar geyinmişəm. Bu, tələbəlik dövründə çəkdirdiyim şəkillərdə də görünür. Tez-tez qonaqlıqlar edərdik, yeyib-içərdik. Səhv etmirəmsə, universitetin beş müəlliminin övladı bizimlə bir qrupda oxuyurdu. Bizim qrupda, eləcə də  digər qruplarda oxuyan tələbələr sonralar müxtəlif vəzifələrdə, qəzetlərdə çalışıblar.

 

“Model Günay Musayevaya dərs demişəm”

 

 

- Dərs dediyiniz tələblərinizlə indi də görüşürsünüzmü?

 

 - Mənim dərs dediyim tələbələr indi müxtəlif mətbu orqanlarda, televiziyalarda çalışırlar. Teleaparıcı Zaur Baxşəliyev mən ABU-da dekan olanda həm bakalavr, həm də magistr təhsili alıb. Bundan başqa Elbrus Ərud, Aynur Vəliqızı və digər tələbələrim indi jurnalist kimi fəaliyyətlərini davam etdirirlər. Həmçinin Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı, məşhur model Günay Musayevaya dərs demişəm. Onu da deyim ki, heç kəsi imtahanda kəsməmişəm. Özümə yaraşdırmırdım ki, hər hansı bir tələbəm deməsin ki, deputat Səyyad Aran məni imtahanda kəsib. 

 

- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?

 

- Heç biri. Hərəsi biri sahədə çalışırlar. Bu yaşda olanda istəyirsən ki, övladların elmlə məşğul olsun. Çünki elm əbədidir. Vəzifə isə bu gün var, sabah yoxdur. Var-dövlət bir gün gəldiyi kimi, bir gün də əldən çıxa bilər.

 

 

- Yaradıcı insanlar sevgiyə daha çox bağlı olurlar. Bilmək istərdik, sevgi sizin də yaradıcılığınıza təsir edibmi?

 

- Çox təsir edib. Birinci sinifdən onuncu sinfə qədər birgə oxuduğum və 10 il qarşımda oturan sinif yoldaşımla  ailə həyatı qurmuşam. O Xarici Dillər Universitetinin ingilis dili fakültəsini, mən isə Pedaqoji Universitetin filologiya fakültəsində oxumuşam.  Hərdən zarafatla xanımıma deyirəm ki, yeddi ildən başqa, ömrümüzün qalan hissəsini bir yerdə olmuşuq. Deməli belə çıxır ki, mənim sevgim birinci sinifdən başlayıb.

 

- Gənclərin son dövrlər dinə meyl etməsini bəziləri qorxulu tendensiya hesab edirlər. Bir ziyalı olaraq və eyni zamanda, Dini Komitə sədrinin birinci müavini olaraq sizin də bu məsələ ilə bağlı fikrinizi bilmək maraqlı olar.

 

- Bir zamanlar insanlar sənət öyrənməyə meyl edirdilər. Elmi insanın əlindən almaq mümkün olmadığı kimi, sənəti də insanın əlindən almaq mümkün deyil. Sonralar insanlar müəllimlik, həkimlik və mühəndisliyə meylləndilər. İndi biznes sahəsinə maraq güclüdür. Hesab edirəm ki, bu da bir dəbə bənzəyir. O da hər kəsə məlumdur ki, din xadimlərinə də cəmiyyətin ehtiyacı var. İslam dini özü çox böyük elmdir. Bu dindən baş çıxarmaq hər insanın işi deyil. Əgər dinin əsaslarını öyrənmək radikallığa aparmırsa, dini qayda-qanunlara əməl etmək, oruc tutub, namaz qılmaq dindar üçün zəruri məsələlərdir.  Dini təhrif etmək, radikal dini mövqe tutmaq, dindən şəxsi məqsədlər üçün istifadə etmək yol verilməzdir. Dini elm kimi öyrənmək, dindən irəli gələn qayda-qanunlara əməl etmək müsbət insani keyfiyyətlərdir.

 

- Həyatda sizə pislik edən insanlar çoxmu olub?

 

- Təbii ki, olub. Qərəzli şəkildə badalaq atanları, qəsdən barəmdə danışanları Allah cəzalandırıb. Mən həyatımda və fəaliyyətimdə dahi italyan şairi Dantenin bir kəlamına üstünlük vermişəm: “Sən öz yolunla düz get, qoy başqaları nə deyirlər desinlər”. Deyirlər ki, Marks bu ifadəni tez-tez təkrar etməkdən yorulmazmış. Görmədiyim, bilmədiyim, yanında olmadığım hadisədən heç zaman danışmaram. Ümumiyyətlə, insan haqqında pis danışmağı, xüsusən özü olmadığı halda ondan danışmağı qəti qəbul etmirəm.

 

 

 

“Məni ədəbiyyata Fərman Kərimzadə gətirib”

 

 

- Bəs sizə köməklik edənlər necə, olubmu?

 

-Bəli, mənə köməklik edən insanlar da olub. Mənim dünya görüşümün formalaşmasında, savadlı olmağımda birinci atamın xidmətləri olub. Həmişə atam mənə məsləhət verirdi ki, savadlı olum, çox oxuyum. Savadlı olmağımda kömək edən insanlardan biri də mənə 10-cu sinifdə dərs deyən Akif Miriyev (hazırda Tibb Universitetinin kafedra müdirdir) olub. Həyatda mənim bir müəllim kimi yetişməyimdə görkəmli pedaqoq Hətəm Cavadovun xidmətləri olub. Yaradıcılıqda əlimdən tutub, ədəbiyyata Fərman Kərimzadə gətirib. İlk hekayələrimi ustad kimi qəbul etdiyim xalq yazıçısı Mövlud Süleymanlı çap edib.

 

- İndi hər hansı bir əsər üzərində çalışırsınızmı?

 

- Hazırda yox. Yaradıcılıq təsərrüfat planı, iş planı deyil, bu, obrazlı desək ilhamla bağlı olan məsələdir. Dini Komitəyə sədrin birinci müavini təyin olunmağımdan 3 gün öncə Yazıçılar Birliyində 60 illik yubileyim qeyd edilirdi. Həmin yığıncaqda hələlik son çap olunmuş “Sandıqda qalan muştuluq” kitabımın da təqdimetmə mərasimi keçirildi.  

# 2429

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57