Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.
Forumdan öncə təhsil naziri Mikayıl Cabbarov “Muğam Klub”da Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ekoklub” liderləri ilə görüşüb.
Təhsil naziri məktəblilərlə görüşdə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, onları yaradan səbəblərdən və həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Nazir ekoloji təhsil, bu istiqamətdə icra olunan layihələr barədə fikirlərini bildirib, daha böyük nailiyyətlərin əldə olunması üçün məktəblilərə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonra T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə forumun açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya üzrə beynəlxalq və yerli ekspertlər, 250-dən çox “Ekoklub” üzvü iştirak edib. İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov forumun işinə uğurlar arzulayaraq, ölkədə aparılan təhsil islahatları çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yarandığını, ekoloji təhsilin daha geniş tətbiq edilməyə başlanıldığını bildirib. Nazir müavini qeyd edib ki, ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə “Ekoklub”ların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərindəki 28 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən “Ekoklub”ların 990 nəfər üzvü var.
Forumda “Yaşıl iqtisadiyyat”, “Yaşıl dialoq”, “Yaşıl turizm”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl innovasiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” bölmələrində qruplarla müzakirələr təşkil olunub. Tədbirin yekununda iştirakçıların birgə bəyanatı qəbul edilib.