“İfa edəndə dinləyici kimi özümü dinləyə bilirəm. Kənardan özümü eşitməyi bacarıram. İstər duruşumda, istərsə səsimdə çox qüsurlarım olur”. Bu fikirləri APA TV – nin “Səhər zəngi” verilişində qonaq olan gənc müğənni Əhməd Mustafayev deyib.
O, bildirib ki, mahnı öz ürəyinə yatanda təqdim etmək daha rahatdır. Eyni zamanda, uğur qazanmaq üçün komandanın olması mütləq şərtdir: “İlk növbədə özüm üçün ifa edirəm. Əgər özüm bəyənirəmsə, bilirəm ki, dinləyici də razı qalacaq. “Yok, yok” adlı mahnıma klip çəkdirmişəm, bir həftəyə təqdimat edəcəyəm. Bu klip üçün Moskvadan özəl modellər gəlib. Bu rejissorun qərarı idi. Şəkillərə baxıb, seçim etdik. Rejissor rep ifaçısı Metedir. Əvvəllər qrupum vardı, amma dağıldı. Musiqi sahəsində qabağa getmək istəyirsənsə komanda olmalıdır. Güclü komanda ilə uğur əldə etmək mümkündür”.
İfaçı musiqi təhsilinin olduğunu, amma gitarada ifa etməyi müstəqil şəkildə öyrəndiyini qeyd edib: “26 yaşım var. Türkmənistanda anadan olmuşam. 8 yaşımda tar sinfini bitirmişəm, muğamlarımızı bilirəm. Sazı, saz havalarını da öyrənmişəm. Aşıq Əhməd Rüstəmovdan dərs almışam. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinin saz sinfinə daxil oldum. Amma zamanla hiss etdim ki, bu alətdən soyumuşam. Universitetdə türklər var idi, gitara çalırdılar. Özümü ancaq bu alətdə görürdüm. Sonuncu kursda özümə gitara aldım. Amma türklər artıq getmək üzrə idilər deyə məni öyrədə bilmədilər. Məcbur “Youtube”dakı videolara baxıb, məşğul oldum. Bir müddət Çingizlə də çalışdım. Müsabiqələrin birinə qatıldım və 2-ci yeri qazandım. Sonra “Dostlar” qrupumu yaratdım. İndi də hər kəs bu qrupa maraq göstərir”. Müğənni bildirib ki, qrup olaraq, daha tez məşhurlaşıblar: “Əslində, hər şeyi görürdüm. Amma nə etmək olar? Hərə bir ailədən gəlib. Qrup idarə etmək çətindir. Azərbaycanda daha çətindir. O qədər söz deyirlər ki. Hətta qrup üzvlərindən biri söz-söhbətə görə uzaqlaşıb. Bizdə dəstəkləmək yoxdur. Əksinə, “sən niyə bunu belə etdin? Sən özün tək də çıxış edə bilərsən” kimi məsləhətlər verirlər. Qrupun skripka ifaçısı ailəlidir, Belarusdandır. İndi o biri üzv də tək qalıb. Hər ikimiz çabalayırıq. Amma qrup olanda bir müddət əziyyət çəkdik, sonra rahat oldu. Zövqlə çalışırdıq. Skripka ifaçısı ilə münasibətimiz qalıb. Amma digər üzvümüz Samir hörmətsizlik etdiyinə görə incimişəm. Hətta verilişlərin birində bizi barışdırmağa çalışdılar, mən istəmədim. Biz bir yerdə kirayədə yaşayırdıq. Mahnıları birgə yazmışıq, ailə kimi olmuşuq. Bunlardan sonra mənə düşmən kimi baxmaları xətrimə dəyib. Dünya malına görə heç kimin xətrinə dəymək olmaz”.
Gənc ifaçı bildirib ki, həm öz yazdığı, həm də başqa müğənnilərin repertuarından olan mahnıları ifa edir.