“Dini-səmavi mətnlərdə Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib
01 fevral 2016 10:21 (UTC +04:00)

“Dini-səmavi mətnlərdə Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib

0

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Dini-səmavi mətnlərdə Azərbaycan” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, qrupun rəhbəri Vüqar Zifəroğlu bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. Azərbaycanın zəngin mənəvi irsin daşıyıcısı olan dəyərlər sisteminə malik olduğunu bildirən Zifəroğlu, bununla əlaqədar dini mətnlərdə istinadlar tapmaq mümkün olduğunu deyib: “İstər Tövrat, istər Zəbur və İncildə tarixi keçmişimizlə bağlı bu cür qeydlər kifayət qədərdir. İslam dininin müqəddəs kitabı olan Quranda isə Azərbaycanla bağlı olan bir çox maraqlı məqamlar tapmaq mümkündür və tədbirin keçirilməsində də əsas məqsəd məhz bu məqamlara diqqət çəkməkdir”.

 

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü, tədqiqatçı Ceyhun Bayramlı “Quran ayələrində Azərbaycan və türklük” mövzusunda birliyin hazırladığı slaydın əsasında çıxış edib. Ceyhun Bayramlı çıxışında vurğulayıb ki, Quran tarixşünaslığına yeni baxış sərgilənməlidir. Qurani-Kərimdə qeyd olunmuş tarixi hadisələrlə bağlı məlumatlar da, bəzi din xadimlərinin fikirlərinin əksinə olaraq, təkcə ərəblərin keçmişini və Ərəbistan yarımadasını deyil, Yer kürəsinin qədim dövr insanları yaşamış bir çox məkanlarını əhatə etməkdədir. O qeyd edib ki, dinimizin müqəddəs kitabında Azərbaycanla bağlı bir sıra qeydlər var.

 

Daha sonra tədqiqatçı Musa ilə Xizirin görüşdükləri məkan, Quranda adı keçən Ərrəs əhli, Səba eli və Bilqeys qissəsi, Quranda və eləcə də digər səmavi kitablarda adı çəkilən Mədyən eli, Zülqərneyn səddi, Ad qövmü barədə geniş məlumat verərək, onların Azərbaycanla bağlılığına diqqət çəkib. Çıxış və slayd təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar