Xırdalan şəhəri, Masazır qəsəbəsi və ətraf ərazilərdə toplanan çirkab sularının nəqlinin Bakının mərkəzindən kənarlaşdırmaq məqsədi ilə “Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi” layihəsinin icrasına başlanılıb. Bu barədə Lent.az-a “Azərsu”dan məlumat verilib. Hazırda bu ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya Stansiyasına ötürülür. Çirkab suyun axıdılması iki mərhələdə nasoslar vasitəsi ilə və böyük həcmdə elektrik enerjisinin sərfiyyatı hesabına həyata keçirilir.
Yeni layihə çirkab suların Lökbatan istiqamətində nəqlini nəzərdə tutur. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınaraq Xocasən təpəlikləri altında tunel tipli kollektorun tikintisi layihələndirilib. Layihəyə əsasən, ümumi uzunluğu 14750 metr olan tunelin 32-49 metr dərinliklərdə qazılması nəzərdə tutulur. Tunelin 7400 metrlik hissəsi 2200 mm, 7350 metrlik hissəsi isə 2800 mm diametrində olacaq.
Artıq 2 istiqamətdə - Xocasən gölünün yaxınlığında və Sulutəpə qəsəbəsində tikintiyə hazırlıq işləri başa çatdırılıb, şaxtalar qazılıb, avadanlıqlar quraşdırılmış və tunel yolunun qazılması işlərinə başlanılıb.