Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan multikulturalizmi” dərsliyi hazırlanır. Lent.az-ın məlumatına görə, bu məqsədlə dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində dərsliyi hazırlayan müəlliflərlə birgə toplantı keçirib. Toplantıda dərsliyin istiqamətləri müəyyənləşdirib və müəlliflərlə fikir mübadiləsi aparılıb. Bildirilib ki, dünyanın 11 aparıcı universitetində bu fənn tədris edilir, bu dərsliyə ehtiyac var və dərsliyə olan ehtiyac təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə də bağlıdır.
Dərslik BBMM-nin layihəsi çərçivəsində ölkəmizin və dünyanın nüfuzlu universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulur.