Bu gün Gün.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 5 ili tamam olur.
5 illik yubiley təəssüratını Lent.az-la bölüşən Gun.az saytının baş redaktoru Emil Quliyev bildirib ki, bu müddət ərzində təmsil etdiyi media qurumu özünə layiqli yer tuta bilib: "Ən əsası, ölkədə “abırlı” sayt yaratmağa nail olmuşuq. Bunu tək özümüz yox, kənardakılar da təsdiqləyir. Bunu ən böyük uğurumuz kimi qiymətləndirirəm. Bacardığımız qədər həyatla ayaqlaşırıq, xəbərləri vaxtında verməyə çalışırıq. Buna nə dərəcədə nail oluruq, bunu oxucularımız deyə bilər”.
Gün.az kollektivinin mehriban ailə kimi çalışmasını xüsusi vurğulayan baş redaktor deyir ki, saytın uğur qazanmasının ən mühüm səbəblərindən biri də budur: “5 il elə tez gəlib keçdi ki. Kollektivimiz peşəkar insanlardan ibarətdir. Aramızda həm əvvəldən jurnalistika sahəsində çalışanlar, həm də bu sahədə sıfırdan başlayanlar var. Bir-birimizi qane etdiyimiz üçün indiyə qədər birlikdəyik”.
E.Quliyev yubiley arzusunu da dilə gətirib: “ Tək özümüzə yox, bütün mətbuata bundan sonra ilk növbədə maliyyə cəhətdən çiçəklənməyi arzu edirəm. Bundan sonra da peşəkar və ümumi maraqlar naminə fəaliyyət arzu edirəm”.
Biz də Lent.az olaraq 5 illik yubiley münasibətilə bütün Gün.az-çıları təbrik edirik!