Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin sayı iyulun 1-dək 56 539 nəfər təşkil edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir).
Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19 699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13 097-si şəhid ailələridir. Həmçinin, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə Prezidentin fərdi təqaüdü verilir.
Fəxri ad almış 2 365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19 923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.