Sabiq nazir müavini laboratoriya müdiri təyin edildi
02 dekabr 2015 11:40 (UTC +04:00)

Sabiq nazir müavini laboratoriya müdiri təyin edildi

Azərbaycanın kənd təsərrüfatı nazirinin keçmiş müavininə yeni vəzifə verilib. Lent.az-ın report.az-a istinadən verdiyi məlumatına görə, sabiq nazir müavini Bəhram Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində yaradılan Su ekologiyası və su təsərrüfatı elmi-tədqiqat laboratoriyasının müdiri təyin olunub.

Bundan başqa, keçmiş nazir müavini Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin edilib. B.Əliyev "report"a açıqlamasında bildirib ki, laboratoriya noyabrın 20-dən fəaliyyətə başlayıb: "Bizim əsas məqsədimiz sudan səmərəli istifadə etməkdir. Laboratoriya üçün Abşeronun Pirşağı qəsəbəsində 1 hektar ərazi ayrılıb. Həmin ərazidə suya qənaət edən suvarma texnikalarının sınağı və adaptasiyası ilə məşğul olacağıq. Burada kadr potensialı inkişaf etdiriləcək, bakalavrlar, magistrlar, doktorantlar elmi işlərini həyata keçirəcəklər. Abşeronda suya qənaət edən suvarma sistemlərini tətbiq edəcəyik. Bundan sonra Azərbaycanın bütün bölgələrində laboratoriyalar yaradılacaq. Biz suya qənaət edən suvarma texnikalarından istifadə etməklə bitkilərin, heyvanat aləminin, insanların suya olan tələbatının tamamilə ödənilməsi üçün çalışacağıq. Əsas məqsəd su itkisinə yol verməməkdir".

 

O qeyd edib ki, hələlik Su ekologiyası və su təsərrüfatı elmi-tədqiqat laboratoriyasında 5 nəfər işləyir: "Amma gələcəkdə işçilərin çoxaldılması, 100 nəfərə qədər çatdırılması nəzərdə tutulub. Çünki genişmiqyaslı işlər görülməsi planlaşdırılır. Universitetin bizə ayırdığı sahədə böyük laboratoriya korpusu tikiləcək. Orada müasir laborator avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın gələcəkdə dünya sisteminə qoşulması və saytının yaradılması planlaşdırılır".  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Oxşar yazılar