Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərini davam etdirir. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, qeyd olunan təbəqədən olan daha 76 nəfər Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb. Bununla da ƏƏSMN tərəfindən son iki ayda 426 nəfərin, o cümlədən 286 nəfərin Lənkəran rayonuna, 140 nəfərin isə Şəki rayonuna istirahətə göndərilməsi təmin olunub. Bu istiqamətdə işlər cari ilin yay mövsümü ərzində davam etdiriləcək. Belə ki, adıgedən Proqrama əsasən, 2015-ci il ərzində ümumilikdə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.
Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. Mərkəzlərdə onların istirahəti xüsusi proqram çərçivəsində təşkil olunur, onlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin, həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması və s. həyata keçirilir.