Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, 6 yaşı tamam olmayan uşaqlar - qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər I sinfə müsabiqədənkənar qəbul edilə bilər.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan? xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.
Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyulun 13-dən 31-dək aparılacaq. 6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlər.