Mayın 5-də Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI beynəlxalq elmi konfrans işinə başlayıb. Lent.az-ın məlumatına görə, əvvəlcə konfransın nümayəndə heyəti Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Açılış mərasimində BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamalayaraq, konfransın Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin, Azərbaycan gerçəkliklərinin dünyaya yayılmasına təkan verəcəyini söyləyib.
Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev konfransda müxtəlif ölkələrdən olan iştirakçıların birgə işləməsinin təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına səbəb olacağını deyib: “Ulu öndər hər birimizin gələcəyə daha inamlı baxışımızın səbəbkarıdır. Heydər Əliyev işığı hər zaman bizim ürəyimizdədir və bu ənənəvi beynəlxalq konfrans bunun göstəricisidir”.
Moskva şəhər Pedaqoji Universitetinin prezidenti, professor Viktor Ryabov BSU ilə təmsil etdiyi universitet arasında 10 il əvvəl müqavilə bağlandığını xatırladaraq, bu sazişin təkcə rəhbərlik səviyyəsində qalmadığını, universitetlərin professor-müəllim heyəti və tələbələri arasında dostluq əlaqələrinin qurulmasına səbəb olduğunu vurğulayıb.
ABŞ-dan olan konfrans iştirakçısı Yonah Benjamin Bukstein Azərbaycanda yaşayan yəhudi icması ilə tanış olduğundan və ölkəmizdə inkişaf edən multikultural mühitdən danışıb.
“Rusiya və MDB ölkələri ilə Dostluq” Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Zaxari Zaxariyev Azərbaycanın Avropa və Asiya arasında intellektual və mədəni körpü olduğunu deyib və bunun Heydər Əliyevin xidməti olduğunu vurğulayıb.
Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov,İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Çex Respublikasının Yaxın Şərq və Afrika İnstitutunun müdiri, professor Eduard Qombar, Ausburq Universiteti, Müqayisəli ədəbyyat bölməsinin doktoru Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Kurumu Başqanı, professor Mustafa Sinan Kaçalin, Minsk Milli Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru, professor Anatoli Qorlatov, Hayfa Universitetinin Beynəlxalq Münasibətlər üzrə eksperti Arye Gut Beynəlxalq səviyyəli konfransda iştirakdan məmnunluqlarını bildiriblər və bu konfransın Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan bəhs ediblər.
Qeyd edək ki, 383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransda 20 ölkədən (Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan, Niderland) 60 qonaq iştirak edir. Eləcə də konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan, AMEA-nın elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəetmə Akademiyası, M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və başları qatılıb.
Mayın 6-da qonaqların Qax və Şəki rayonlarına səfəri planlaşdırılıb. Nümayəndə heyəti rayondakı Gürcü kilsəsi, Qax cümə məscidi, “Bilik Evi” ilə tanış olacaq, “Qədim Qax”da gəzintiyə çıxacaqlar. Qax Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçiriləcək, qonaqlar Kürmük Alban məbədini ziyarət edəcəklər.
Günün ikinci yarısında Şəki şəhərinə yola düşən nümayəndə heyəti İcra Hakimiyyəti qarşısında Heydər Əliyevin abidəsi önünə gül qoyacaq, sonra qonaqlar Kiş Alban məbədini, Cümə məscidini ziyarət edəcək, Şəki Xan sarayı kompleksi ilə tanış olacaqlar. Heydər Əliyev Mərkəzində rayon İcra başçısının iştirakı ilə toplantı keçiriləcək.
Konfransın işi 7 bölmədə davam etdiriləcək: “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan Ədəbiyyatı”. Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir.
Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.
Mayın 6-da, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycan Multikulturalizmi və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçiriləcək.
Mayın 7-də qonaqlar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Şöhrət Muzeyi, Bakının tarixi və görməli yerləri, eləcə də Azərbaycan Tarixi Muzeyi, N. Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Bayrağı Muzeyi ilə tanış ola biləcəklər.
Çıxışçıların tezisləri kitab şəklində çap olunub iştirakçılara paylanacaq.
Xatırladaq ki, indiyədək artıq “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda 5 konfrans keçirilib. Ənənəvi olaraq, dünyanın tanınmış alimləri beynəlxalq konfransa qatılaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstəriblər.