4-cü sinif şagirdləri üçün qiymətləndirmə keçiriləcək
07 yanvar 2016 14:01 (UTC +04:00)

4-cü sinif şagirdləri üçün qiymətləndirmə keçiriləcək

 

Bu ay 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi “Zərdabi- İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” layihəsinin hədəf qrupuna daxildir.

 

Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb.

 

Bildirək ki, 2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyi layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır.

Qeyd edək ki, “Zərdabi” layihəsi ibtidai təhsil pilləsi üzrə ölkə təhsil tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş ilk layihədir.

Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilindən start verilmiş “Zərdabi- İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi”  çərçivəsində 4-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri ilə “Oxu strategiyaları” adlı seminarlar təşkil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576
avatar

Oxşar yazılar