TQDK hakimliyə namizədlər üçün test imtahanı keçirib.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, test imtahanı iyunun 9-da vahid auditoriyada – Bakı Kristal Zalının Mətbuat Mərkəzində keçirilib.
İmtahanda iştirak etmək üçün 806 namizəd qeydiyyatdan keçib. Onlardan 54 nəfəri imtahana gəlməyib.
Cavab kartlarının emalı imtahan başa çatdıqdan dərhal sonra imtahan zalında həyata keçirilib və nəticələr elan edilib. İmtahanda iştirak edən 752 namizəddən 359 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb.
Qeyd edək ki, müvəffəqiyyət əldə etmiş namizədlər imtahanının sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir. Yekunda yenidən müsahibə olur və Hakimlərin Seçki Komitəsinin rəyinə əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədləri vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə dövlət başçısına təqdim edir.