Əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili məqsədilə daha 30 nəfər əlil şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bu il 190 şəxsin Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Onlardan 115 nəfərini əlilliyi olan şəxslər, 75 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.
Cari il aprel ayının əvvəlindən biri 28, digəri 29 əlilliyi olan şəxsdən ibarət iki qrup Türkiyədə 20 günlük bərpa-müalicə kursu keçib. Hazırda göndərilən 30 nəfər də daxil olmaqla, 87 nəfərin qardaş ölkəyə bərpa-müalicəsinə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərdən sonra gələn ay valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Türkiyəyə göndərilməsinə başlanacaq.
Əlilliyi olan şəxslərin mərkəzdəki 5 ulduz oteldə yerləşdirildiyini və hər bir lazımi xidmətlə təmin olunduqlarını qeyd edən S.Abdullayev həmin şəxslərin mərkəzdə müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün ƏƏSMN-nin bir nəfər həkim əməkdaşının da Türkiyəyə ezam olunduğunu bildirib.
Qeyd edək ki, təkcə cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa-müalicə xidməti göstərilib. Eyni zamanda, bu təbəqədən olan şəxslər həmin dövrdə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.