Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşayiəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə sosial proqramların cari ildə də uğurla davam etdirilməsinin tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərdiyini vurğulayıb: “Bu il nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33 faiz çoxdur”.
Şöbə müdiri əlavə edib ki, həmin mərkəzdə Dənizli bölgəsinin müalicəvi əhəmiyyəti olan yerli resurslarından və innovativ texnologiyalarından istifadə edilməklə tətbiq olunan reabilitasiya üsulları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) bir sıra çətin sağalan xəstəliklərin müalicəsində fayda verir.
ƏƏSMN-nin bir nəfər həkimi də buradan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur.