Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, 1 yanvar 2016- cı il tarixə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir.
DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5,0 min nəfər və ya 0,4 faiz artaraq, 1 yanvar 2016-cı il tarixinə 1milyon 295 min 900 nəfər təşkil edib.
Bundan başqa, 2016-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edib.
Qeyd edək ki, əmək pensiyası-“Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası var.