Ləyaqətli alim, xeyirxah insan!
28 aprel 2016 14:33 (UTC +04:00)

Ləyaqətli alim, xeyirxah insan!

 

Azərbaycan qadınının keçmiş olduğu yol çox böyük və qürurvericidir.  Vətən və namus uğrunda fədakarlıq göstərmiş mərd Azərbaycan qadınlarının qəhrəmanlıq xatirələri tarixdə şərəfli səhifələr açmışdır. Azərbaycan tarixində xüsusi iz qoyan, öz əməlləri ilə seçilən və sevilən zərif Varlıqlarımız siyahısında Zərifə xanım Əliyevanın adı əbədidir. Zərifə xanım Əliyeva XX əsrdə mərd, ziyalı, xeyirxah Azərbaycan qadınlarının ən layiqli davamçılarından biri kimi dünya şöhrəti qazanmışdır.

 

Həyatını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edən görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində qadın obrazının təkrarsız bir nümunəsini yaratmışdır. O, 1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Bu səbəbdəndir ki, həkimlik sənətinə hələ kiçik yaşlarından həvəs göstərmişdir.

 

Tariximizin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin inkişafında ayrıca bir mərhələ təşkil edir.  Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur.  Dəyərli elmi kəşflərdən sayılan “Z.Ə.Əliyeva üsulu”nun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranmış, onun yayılmasının qarşısı alınmış və bu da tədricən xəstəliyin ləğvinə gətirib çıxarmışdır. Beləliklə, Zərifə xanımın  fədakar əməyi sayəsində yerinə yetirilən tibbi tədbirlər əhalinin dünya işığından məhrum olmasının, əlilliyə düçar olaraq əmək qabiliyyətini itirməsinin qarşısını almışdır. Oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. O, oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşəm xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalmologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdi.  

 

Zərifə xanım qeyd edirdi ki, "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”.

 

Zərifə Əliyeva vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, vətənpərvər ziyalı, təvazökar bir həkim idi. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev onun haqqında deyirdi: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam!". Akademik Zərifə Əliyeva vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, sənətinin vurğunu olmuşdur. O, öz yaradıcılığı, gənc nəsillərə miras qoyub getdiyi dəyərli əsərləri, fikirləriylə cəmiyyətin irəliləyişinə təkan vermişdir.  Həkim-xəstə münasibətinə xüsusi diqqət yetirən pedaqoq hər zaman vurğulayırdı ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan güclü təsir göstərir.

 

Zərifə Əliyeva əsl xeyirxahlıq, nəciblik, humanistlik, bir sözlə, insana xas ən ali hissləri özündə ehtiva edən qadın təcəssümü idi. O, həm alim, həm həkim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyəti ilə dünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir.  İstedadlı alim və bacarıqlı pedaqoq, eyni zamanda qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı olan  Zərifə xanım  hər zaman yaddaşlarda yaşayacaq, heç vaxt unudulmayacaqdır.

 

Nailə Məmmədova

 “Azerbaijan Realities” analitik layihə qrupunun üzvü

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar