Uşaqların yoluxduğu infeksiya ölümə səbəb  ola bilər - PEDİATRLA MÜSAHİBƏ
22 iyul 2025 15:26 (UTC +04:00)

Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ

Körpələr və uşaqlar arasında kəskin simptomlarla müşahidə olunan infeksiya yayılıb. Yüksək hərarət, bədəndə su miqdarının azalması, qusma və ishal bu xəstəliyin təməl əlamətlərindən hesab olunur.

ATU-nin I Uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a körpələrdə və uşaqlarda son zamanlar rast gəlinən yüksək hərarət, qusma, ishal kimi mədə-bağırsaq infeksiyasının əlamətləri və müalicə metodları barədə müsahibə verib.

-Nigar xanım, körpə və uşaqlarda rast gəlinən mədə-bağırsaq infeksiyasının yaranmasının başlıca səbəbləri nələrdir?

-Yay aylarında uşaqlar arasında qızdırma, ishal və qusma ilə müraciət edənlərin sayı artmaqdadır. Xüsusilə 3-7 gün ərzində davam edən kəskin əlamətlərlə meydana çıxan qastroenterit halları və yay ishalları, viruslar başda olmaqla digər mikroorqanizmlər, bakteriyalar, göbələklər, qida toksikoinfeksiyaları, normadan artıq qidalanma, uşaqların adət etmədikləri qidalar qəbul etməsi və yaxud gigiyena qaydalarına əməl olunmadığı hallarda yaranır.

-Bəs ishal və qusmanın uzun müddət davam etdiyi halda bədəndə yaranan su itkisi hansı fəsadlara səbəb ola bilər?

-İshal və qusma zamanı uşaqlarda su və mikroelement itkisinin qarşısını almaq lazımdır. Əgər su itkisi ilə əlaqədar hər hansısa kliniki əlamətlər, o cümlədən (ishal və qusma olan uşaqda yuxuya meyillilik, göz yaşında azalma, göz ətrafında çökmə, ağız boşluğunda quruma, köpələrin əmgəyində çökmə, nəbzin sürətlənməsi, əl və ayaqların soyuqluğu, tez-tez dərindən nəfəsalma, sidik miqdarında azalma) görülərsə, dərhal susuzlaşmanın müalicəsi aparılmalıdır. Əks halda uşaqlarda kəskin ishal və qusma ilə davam edən mədə-bağırsaq infeksiyaları kəskin böyrək çatışmazlığına, hətta ölümə səbəb ola bilər.

İshalı qanlı və seliklidirsə, qusmanın sayı 5-10 və daha çoxdursa, ishal 5 gündən çox davam edirsə, temperatur 39 dərəcədən yüksək, 2 gündən çox davam edirsə, su itkisi əlamətləri varsa, təxirə salınmaz halda pediatra müraciət olunmalıdır.

Uşaqlarda mədə-bağırsaq infeksiyaları və ishal halları olduğu zaman müalicə ilə paralel qidaların və suyun qəbuluna diqqət edilməlidir. Gigiyenik qaydalara ciddi əməl olunmalı, həkim tərəfindən SİNK və probiotik pereparatlar təyin olunubsa, onlar istifadə olunmalıdır.

-Qusma və ishal zamanı uşaqlarda qidalanmanı necə müəyyənləşdirmək lazımdır?

-Körpə uşaqlar ana südüylə qidalanmağa davam etməli, əlavə qidalar qəbul edən, həmçinin 1 yaşdan böyük uşaqlara isə ishal və qusma hallarında evdə hazırlanmış qatıq, soyutma kartof, düyü, düyü həlimi, ayran, sürtgəcdən keçirilmiş alma, banan, şaftalı kimi məhsullar verilə bilər.

Hədsiz şəkər miqdarı yüksək olan qazlı içkilər, kola, şokolad, yağlı qidalar bu hallarda uşaqlara verilməməlidir. Xüsusilə uşaqlarda su və duz itkisinin qarşısını almaq üçün kiçik porsiyalarda tez-tez maye verilməsinə diqqət etmək lazımdır. Bir dəfədə 20-30 ml-dən çox maye verilməməli, arada 20-30 dəqiqəlik fasilələr qoyulmalıdır. Ev şəraitində antibiotik, qusma və ishal əleyhinə pereparatların qəbuldan qaçmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar