Sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri hansı şəxslərə verilir?
10 iyul 2024 12:20 (UTC +04:00)

Sosial kirayə müqaviləsi üzrə yaşayış sahələri hansı şəxslərə verilir?

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial kirayə müqaviləsi üzrə yaşayış sahələrinin kimlərə verilməsi ilə bağlıdır. 

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi və bağlanma qaydası necədir? 

Lent.az xəbər verir ki, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri bu şəxslərə verilir:

yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara (vətəndaş bu cür qeydiyyata düşmək üçün yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına nəzərdə tutulmuş sənədlərlə müraciət etməlidir);

sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu halın əksi nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir.

Yaşayış sahəsinin uçot norması və ayrılma norması nədir?

Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Burada müraciət edən vətəndaşların ehtiyacı olduğu yaşayış sahəsinin minimal ölçüsü əsas götürülür.

Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Yəni, burada yerli icra hakimiyyəti və ya bələdiyyə orqanının sosial kirayə müqaviləsi vasitəsilə vətəndaşa verməyi nəzərdə tutduğu yaşayış sahəsinin minimal ölçüsü əsas götürülür. (Yaşayış sahəsinin ayrılma norması “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” AR Nazirlər Kabinetinin Qərarında 16 kvadratmetr olaraq müəyyənləşdirilib)

Hansı vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan hesab edilir?

1) yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar;

2) müraciət edən vətəndaşlar sosial kirayə müqaviləsinə əsasən kirayəçi, onun ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi və ya onun ailə üzvləri olmamalıdır;

3) bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa).

 Sosial kirayə müqaviləsinin tərəfləri kimlər ola bilər?

dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən)
vətəndaş (kirayəçi)

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz bağlanılır. Bu müqaviləyə əsasən yaşayış sahəsi üzərində yaranmış hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

Vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alındıqdan sonra sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri əldə edə bilərlər.

Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq üçün şəxslər hara və necə müraciət etməlidir?

Bunun üçün vətəndaşlar yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciət etməlidirlər. Bu zaman hansı sənədlər tələb olunur?

-uçota alınma haqqında ərizə

 –vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər

Daha sonra vətəndaşlara qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.

Nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir.

Əgər vətəndaşın bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə uçota durmaq hüququ mümkün olarsa, həmin vətəndaş özünün istəyinə görə bu əsaslardan birinə və ya bütün əsaslara görə uçota alına bilər.

Qeyd: Vətəndaşlar müəyyən edilmiş hallarda uçota alınma haqqında ərizələrini yaşayış yeri üzrə deyil, digər yer üzrə də verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

 Yaşayış sahələrinin verilməsi ilə bağlı qərar hansı müddətdə qəbul edilməlidir?

Sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar qəbul edilməlidir.

Əgər uçota alınma haqqında qərar qəbul edilibsə, onun qəbul edildiyi gündən 3 iş günündən gec olmayaraq bunu təsdiq edən sənəd vətəndaşa təqdim edilməli və ya göndərilməlidir. İmtina barədə qəbul edilmiş qərardan isə məhkəmə qaydasında şikayət verilə bilər.

Yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında həm növbəlilik, həm də növbədənkənar verilməsi mümkündürmü?

Vətəndaşlara yaşayış sahələrinin növbəlilik qaydasında verilməsi onların uçota alınma tarixi nəzərə alınmaqla həyata keçirilir.

Aşağıdakı şəxslərə yaşayış sahələri növbədənkənar verilir:

Vətəndaşın yaşayış sahəsi yaşamaq üçün yararsız, təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş olduqda;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə;

ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara.

Yaşayış sahəsinin sosial kirayə müqaviləsi hansı hallarda ləğv edilə bilər?

Tərəflərin razılığı ilə istənilən vaxt,

Kirayəçi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı olduqda istənilən vaxt,

Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçərsə, bu zaman həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir:

kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə;

kirayəçi və ya onun cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;

qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda;

yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5634
avatar

Sevinc Fərid

Oxşar yazılar