Qələbə yolumuzun Şuşası
18 yanvar 2021 10:31 (UTC +04:00)

Qələbə yolumuzun Şuşası

Adəti üzrə avtomobili özü idarə edir. Ora qələbə yoluyla getdiyini deyir, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev. Bir anlıq o yolun xəyaldan gerçəkliyə çevrilməsini doğurmuş Zəfərimizin elan edildiyi günün emosiyalarını, böyük coşğusunu xatırlayıram. Ancaq 8 noyabr tarixinin bir başqa önəmi, anlamı, rəmzi var.

Gözlərimi ovuşdururam, yox, gördüyüm yuxu deyil. Prezident buludları ayaqlayan o müqəddəs zirvəyə gedir – Şuşaya. Ötən il noyabrın 8-də hamımız gözləntidəydik. Və həmin günədək bir çox gözləntilərimiz reallığa çevrilmişdi, xəyallar gerçəkləşmişdi. Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, neçə-neçə kənd və qəsəbələrimiz - dövlət başçımız onların işğaldan qurtulduğunun müjdəsini vermişdi. Ölkə başçısının yenə xalqa müraciət ünvanlayacağı bildirilirdi. Gözlər televiziya ekranlarına zillənib, qulaqlar radiolara köklənib. Budur, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Fəxri Xiyabandadırlar. Ali Baş Komandan hərbi formadadır. Xalqa hərbi formada müraciət edəcək – bunu yalnız mən yox, hər kəs düşünür. Həyəcan artır…

İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edir. O an Ulu öndərin Prezidentlik dönəmini yada salıram. Yada salıram ki, onun üçün Qarabağ həm mənəvi məsələydi, həm də şübhəsiz siyasi əhəmiyyət daşıyırdı. Siyasət meydanını məğlubiyyətsiz addımlayan dahi, nəhəng şəxsiyyət Qarabağ zəfərilə yoluna möhürünü vurmalıydı. Görünür, elə buna görədir ki, cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini, bundan böyük qürur və fəxarət hissi keçirdiyini bildirir. 8 noyabr zəfəri həm də atanın zəfəri, onun siyasət meydanındakı məğlubiyyətsizliyinin, növbəti qələbəsinin təsdiqi idi. Dövlət başçımızın “əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik" fikirlərinin fonunda Prezident Heydər Əliyevin iştirak etdiyi hər beynəlxalq toplantıda Vətənimizin haqq işi olan Qarabağdan söz açdığını, torpaqlarımızın işğala məruz qaldığını usanmadan diqqətə çatdırdığını da düşünürəm. O, 1993-2003-cü illərdə Qarabağımız, haqq-ədalət naminə kimlərlə görüşmədi, hansı bağlı qapıları açmadı ki? Sayı-hesabı yoxdur...

Bəli, Ulu öndər Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində böyük təməl yaratdığı kimi, Qarabağ davamızdakı qələbə üçün də etibarlı zəmin hazırladı. O zəmin ki, onu cənab İlham Əliyev daha da möhkəmləndirdi. İndi qətiyyətlə demək mümkündür ki, Qarabağdakı ağır zəfər yolçuluğuna ötən ilin sentyabrında da yox, məhz İlham Əliyevin Prezidentliyə başladığı gün çıxdıq. O günün xeyir-duasını da vermişdi Ulu öndər: "Mən İlham Əliyevə özüm qədər inanıram".

Azərbaycan ildən-ilə qüvvətləndi, özünün beynəlxalq vəziyyətini yaxşılaşdırmaqla yanaşı, iqtisadi potensialını və hərbi qüdrətini artırdı. İlham Əliyev ötən 17 il ərzində xalqda Qarabağ əzmini diri tutdu. O da Heydər Əliyev kimi, bütün beynəlxalq toplantı və görüşlərdə Qarabağ həqiqətlərini daim dilə gətirdi, Qarabağ amilini xarici siyasətimizlə uyğunlaşdırmaqda məharət göstərdi, ortaya prinsipiallığa söykənmiş inanılmaz iradə, qətiyyət və dirəniş qoydu. Bəli, İlham Əliyev Şuşaya Uca Tanrının ona xarakterindəki prinsipiallığın, dirənişin, Vətən sevgisinin mükafatı kimi bəxş etdiyi qələbə yolu ilə getdi. Bu o yoldur ki, onun hər döngəsində, hər eniş və yoxuşunda illər ərzində gücləndirdiyi Ordunun əzmkarlığının, mübarizliyinin və mətanətinin dərin izləri var. O yol əsgərimizin axan qanına, şəhidlik şəhadətinə qovuşmuş Vətən oğullarımızın arzularına, xəyallarına şahiddir. O yolda Şuşa uğrunda düşmənlə əlbəyaxa döyüşə girən igid Azərbaycan övladlarının dünya hərb tarixinə verdiyi misilsiz şücaət töhfəsi var. Elə buna görə də o yolun hər qarışı müqəddəsdir.

Şuşanın xalqımız üçün hər zaman böyük mənəvi anlamı olub. İşğal illərində bu anlam həm romantik, həm də siyasi mənada daha da dərinləşdi. İnsan belədir, əldə edə bilmədiyinə doğru can atmaq istəyi var. Bu yerdə cənab İlham Əliyevin "Şuşasız bizim işimiz yarımçıq qalar" söyləməsini də xatırlayıram. Dövlət başçımız bu fikri ilə məhz qeyd etdiyim istəyə ideoloji məzmun qazandırmışdı, romantik ruhumuzu reallıq hissilə körükləmişdi. Gözlərimiz önündə Cıdır düzü, İsa bulağı, Şuşanın tarixi məhəllələri canlanmışdı. Onun belə söyləməsindən sonra 8 noyabr zəfəri artıq arzu və istək, həsrət və niskil deyil, tələbat və gözləntiyə çevrilmişdi. Dərin inama əsaslanmış gözləntiyə. Ancaq gözlənti özü də həyəcan verir. Cənab Əliyevin az öncə haqqında bəhs etdiyim qələbə müjdəli Şuşa çıxışından öncəki həyəcan payımız da bundan irəli gəlirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Mehriban xanımın Şuşada olması da həyəcan verir. Xalq öz liderini, ailə üzvlərini özünün mənəvi dünyasında, müqəddəs məkanında görməyin qürurunu yaşayır. Xalqın rəhbərinin Şuşadan verdiyi hər mesaj istər siyasi və hərbi qüdrətimizin vurğulanması, istərsə də ruhumuzun qidası baxımından son dərəcə vacibdir. Cocuqmərcanlı Qarabağa qayıdışımızın rəmzi idisə, Şuşa Qarabağa sahiblənməyimizin simvoludur. Dövlət başçımızın orada söylədikləri Qarabağ adına görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin mühüm anonsudur. O işlərin ki, bizi bu bölgəyə tarixin heç bir dönəmində olmadığı kimi bağlayacaq. Qarabağın hər daşı, hər qayası dil açıb "Azərbaycan" deyəcək. Şuşalı Qarabağ Azərbaycana yeni dəyər qazandıracaq, təzə nəfəs gətirəcək.

Dövlət başçımız Şuşanın quruculuğuna onun dəyərlərini özünə qaytarmaqla başladı. Dahi Üzeyir Hacıbəyovun, musiqi dünyamızın ezaskar səsli obrazı Bülbülün, Xan qızı Natavanın heykəlləri artıq yerindədir. Obrazlı desəm, onlar sinələrinə sancılmış düşmən güllələrini çıxarıb atıb, yaralarını sağaldıblar.  Artıq heç bir qüvvə o heykəlləri güllələyə bilməyəcək, buna cəsarət etməyəcək. Axı "əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o bizim dəmir yumruğumuzu bir də görəcək", - deyir cənab İlham Əliyev.

Şuşanın mədəni irsinin bərpası, ona Azərbaycan xalqının ruhunun qaytarılması üzrə geniş miqyaslı işlər Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Bəli, Şuşanı onu gen yaddaşımızda mənəvi zənginlik dünyamız olaraq yenidən ucaldacaq və əbədiləşdirəcək tədbirləri Ulu öndərin adını daşıyan qurum reallaşdıracaq. Görünür, bunda da bir qanunauyğunluq var. Mehriban xanımın səriştəsi, yüksək zövqü və təşkilatçılıq qabiliyyəti onu deməyə əsas verir ki, Heydər Əliyev Fondu Şuşanın timsalında özünün Azərbaycana sevgi hissinə köklənmiş nəhəng fəaliyyətinin şah əsərini yaradacaq. Elə bir əsər ki, həm 28 illik işğal dövrünün acılarını dindirəcək, həm 44 günlük müharibənin Zəfərini, həm zəngin tariximizi, həm də müasirliyimizi vurğulayaraq bu qədim diyarımızı gələcək nəsillərə miras xəzinə kimi saxlayacaqdır. O zaman Prezident İlham Əliyevin müqəddəs Cıdır düzündə söylədiyi kimi, dostlarımız sevinəcək, düşmənlərin gözü kor olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Əflatun Amaşov

Oxşar yazılar