Nərimanovda səkini icazəsiz sökdülər
24 iyul 2025 11:10 (UTC +04:00)

Nərimanovda səkini icazəsiz sökdülər

2025-ci il iyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən araşdırma aparılıb.

Agentlikdən Lent.az-a verilən xəbərə görə, araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən “Bakı 4 N-li Yol İstismarı” MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən “Bakı 4 N-li Yol İstismarı” MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar