Narkomaniya və insan alveri ilə mübarizə necə aparılmalıdır? - Ekspertdən CAVAB
08 sentyabr 2021 12:52 (UTC +04:00)

Narkomaniya və insan alveri ilə mübarizə necə aparılmalıdır? - Ekspertdən CAVAB

“Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə əksəriyyət insanda belə bir yanaşma var ki, mütləq şəkildə narkomaniya və insan alveri ilə mübarizəni ancaq polis, hüquq-mühafizə orqanları aparmalıdır”.

Lent.az xəbər verir ki, bu sözləri ekspert Ramiz Alıyev deyib. O bildirib ki, bu yanaşma yanlışdır və belə düşüncə təhlükəlidir:

“Hər bir ailə kiçik dövlətdir ona görə də ailələrdə valideynlər və yaşca böyük olan insanlar öz ailələrində özlərindən yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidir. Eyni zamanda bu gün təəssüflər olsun ki, bir çox televiziya kanalları həm insan alveri, həm də narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri apara bilmirlər. Tez-tez veriliş təşkil edib bu sahələrə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan “ekspertləri” dəvət edərək “maarifləndirmə” aparmaq görüntüsü yaratmaq  göyərçinlə məktub göndərməyə bənzəyir. Eyni ilə bəzi vətəndaş cəmiyyətinin üzvlərinin və gənclər təşkilatlarının  “copy-paste” edib hazırlatdığı buklet və braşurlar kimi. Artıq o, dövrlər bitib”.

Ekspert qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə olan səhifələrinin narkomaniya və insan alveri ilə bağlı apardığı  maarifləndirmə işləri bəzi televiziyaların apardığı “maarifləndirmə” işlərindən qat-qat yaxşıdır və müasirdir:

“Maraqlıdır ki, dövlət tərəfindən maliyyələşən televiziyalar bu gün yenə də 10 il öncə necə maarifləndirmə işləri aparırdısa, indi də o cür davam edirlər. Daha yaxşı olardı ki, insanlara təsir edən, gəncləri maarifləndirən video-çarxlar, bədii filmlər, seriallar çəkilsin bu sahələrlə bağlı. Kim deyirsə ki, bu cür video-çarxlara və filmlərə baxan yoxdur onlar yalan deyirlər.

Bu il “ATV” kanalı ilə birlikdə biz narkomaniya və insan alveri ilə bağlı 6 bölümdən ibarət  “İFŞA” adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televiziyaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütəmadi olaraq bu serial haqqında yazılar yazdı, diqqətdə saxladı. Hətta qardaş Türkiyənin 30-dan artıq mediasında bununla bağlı yazılar getdi və türk seriallarına bənzədildiyi yazılırdı. Doğrudur bu Azərbaycanda ilk polis serialı idi və belə proyektlər etmək digər seriallar kimi asan deyil, ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır. Standart və keçmişdən qalan təbliğat formalarından televiziya kanalları çəkinməlidir”.

R.Alıyev əlavə edib ki, bu gün Azərbaycanın hüquq-mühafizə orqanları və xüsusən də Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir, istər televiziyalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında:

“Düşünürəm ki, maarifləndirmə işi ilə məşğul olmalı olan sahələr daha müasir formalardan istifadə etsələr və televiziyalar da o, mənasız verilişlərdən uzaq olub daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar etsələr yaxşı nəticələr olar. Bu gün həqiqətən Azərbaycan polisi çox böyük əziyyət çəkir və gərgin iş rejimində çalışır ki, bu bəladan ölkəmizi və xalqımızı xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri  ilə məşğul olmalı  olan sahələr də bu qayda ilə çalışmalıdır ki, ölkəmizi və gənclərimizi bu bəladan xilas edə bilək”.

# 813
avatar

Oxşar yazılar