11 iyun 2021 13:41 (UTC +04:00)

Komitə sədri əlilliklə bağlı GİZLİNLƏRİ AÇDI: "Səlim Müslümov..."

"Sabiq nazir Səlim Müslümov tərəfindən Nazirlər Kabinetinin qərarı götürülərək, nə Milli Məclisdə, nə də ictimaiyyətdə müzakirə olunmadan dəyişikliklər edildi"

Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkə hesabında əlilliyin müəyyənləşdirilməsinə səbəb olan xəstəliklərin bir hissəsinin siyahıdan çıxarıldığını iddia edib.

Lent.az-ın məlumatına görə, R.Kərimoğlu bildirib ki, bu gün yaşanan (saxta əlillik təyinatları barədə məlumatları nəzərdə tutur - red.) problemlərin əsas səbəbi budur:

"Qaziler.az" saytının rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu

“Heç kəsə saxta əlil deməyə tələsməyək. 20 ildir adam adı əlillik dərəcəsi verilməsinə səbəb olan xəstəliyə görə əlillik dərəcəsi alıb və buna görə də tam qanuni pensiya alıb dövlətdən. 2016-cı ildən Nazirlər Kabinetinin və 2015-ci ildə Milli Məclisdə qəbul edilmiş qərarlarla əlilliyə səbəb olan xəstəliklərin bir qismi çıxarılıb siyahıdan. İndi əlillik dərəcəsi müddəti bitən insanların pensiyasını kəsirlər ki, daha bu xəstəliyə görə əlillik dərəcəsi düşmür”. 

“Mən demirəm ki, bütün əlillik qrupu tam ədalətli və doğrudur. Bəli, müxtəlif yollarla sağlam ola-ola əlillik dərəcəsi düzəldən adamlar var və az da deyil”.

Bu sözləri isə bir neçə gün əvvəl Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. O bildirib ki, Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq gərəkdir: 

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc

“Mürəkkəblik yaradan digər hal, 2015-ci il Əsasnaməsində dəyişiklik aparılaraq əvvəlki müddəaların xeyli azaldılması və bir çox xəstəlik kodlarının siyahıdan çıxarılmasıdır. Nəticədə xəstələrin yenidən şəhadətləndirilməsi zamanı, yalnız sənədlər və formalar əsasında qərar verilir. Digər yandan, 6-12 ay müddətinə müalicə sənədləri tələb olunur və sağala bilməyən xəstəliklərin yenidən müalicəyə göndərilməsi, o cümlədən imtinanın səbəblərinin izahlı qeyd edilməməsi səbəbindən müalicə həkimlərinə geri qaytarılan formaları həmin tibbi işçilər yenidən doldura bilmir”.

"Əlilliyin qiymətləndirilməsi ilə bağlı səhv qərar beş il öncə təkrar əlilliyin müayinə vaxtının uzadılması olub".

Bu sözləri mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, təkrar müayinə vaxtı dəyişdirilərək beş il olub: 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev

“Halbuki ondan əvvəl II və III qruplar üçün müddət bir, II qrup üçün isə müddət iki il idi. Sözügedən dövr ərzində orqanizm müalicə alaraq, bərpa oluna və ya əksinə vəziyyətin ağırlaşması halı mümkün ola bilərdi. Buna uyğun olaraq qrup təyinatı dəyişirdi. 

Rey Kərimoğlu bunu düz deyir ki, əlillik təyinatı ilə bağlı bəzi məsələlər gizli baş tutdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq naziri Səlim Müslümov tərəfindən Nazirlər Kabinetinin qərarı götürülərək, nə Milli Məclisdə, nə də ictimaiyyətdə müzakirə olunmadan dəyişikliklər edildi. Sabiq nazir dəyişikliklərin korrupsiya ilə mübarizə aparmaq, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə edildiyini əsaslandırırdı. Ancaq mən bunun əleyhinə idim. Buna səbəb isə beş il ərzində əlilliyi olan şəxsin tibbi-sosial ekspertiza komissiyasının və Səhiyyə Nazirliyinin nəzdindəki həkim-məsləhət komissiyasının nəzarətindən kənarda qalması idi. Bununla da kimsə öz təşəbbüsü ilə müalicə olunmağa, bəziləri isə olunmamağa başladı. Amma bundan əvvəl bir-iki il ərzində yenidən təkrar müayinə olunan şəxslərə təkcə qrup dəyişikliyi verilmirdi, onlara həmçinin aid olduğu poliklinikaya göndəriş də verilirdi ki, əlilliyi olan şəxs daimi nəzarətdə olsun və ona lazımlı göstərişlər verilsin. İlbəil təkrar müayinə qərarının verilməsi də bunun üçün idi”.

Komitə sədri deputat Zahid Orucun əlilliklə bağlı bir çox xəstəlik kodlarının siyahıdan çıxarılmasına da münasibət bildirib:

“Bununla bağlı əlimdə məlumatlar olmadığı üçün, siyahıdan çıxarılmalara şərh verə bilmərəm. Ancaq düşünürəm ki, beş il əvvəl hər hansısa bir meyar əsası ilə əlillik təyinatı alan şəxsin sağalması mümkündür. Bununla yanaşı, həmin şəxsin səhhətində digər ciddi problemlər də yarana bilər. Bəzi əvvəlki meyarların isə zamanla aradan qaldırılması təbii prosesdir. Məsələn, onurğada olan bəzi problemlərin illər əvvəl müalicəsi mümkün deyildi və şəxsə II qrup əlillik düşürdü. İndi isə əlillik düşmür və deyilir ki, onurğanın sürüşən diskini cərrahi əməliyyatla problemi həll etmək mümkündür. Bundan başqa, ürəklə bağlı olan bəzi problemlər stend qoyulmaqda tamamilə aradan qalxır və həmin şəxs əmək qabiliyyətli şəxsə çevrilir. Tibb inkişaf etdikcə müalicə oluna bilən xəstəliklər siyahıdan çıxarıla bilər”.

M.Quliyev əlilliyin təyinatı ilə bağlı siyahıya yeni əlavələrin edilməsini də vurğulayıb:

“Məsələn, əvvəllər bəzi genetik xəstəliklərlə bağlı araşdırmalar aparılmamışdı və əlilliklə bağlı kateqoriyalarda onlar yox idi. Ancaq indi əlavələr edilib. Son zamanlar geniş yayılan autizm də əlillik təyinatına əsas verən müddəalar içərisinə əlavə edilib.

Qeyd edim ki, "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanan qanun layihəsində 800-ə qədər xəstəlik və funksiya pozulmasının müxtəlif kombinasiyaları nəzərdə tutulub. Nazirlər Kabineti tərəfindən meyarlar təsdiqləndikdən sonra problemlər aradan qalxacaq və əlillik təyinatı ilə bağlı bütün məlumatlar cəmiyyətə açıq olacaq. İnsanlar öz diaqnozlarını bildikdən sonra meyarlara baxanda biləcək ki, hansı dərəcəyə uyğundur, nə qədər müavinət düşür və s.”.

# 11016
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar