Sevilən bir insan vəfat edəndə və kədərdən ürəyin ağrıyanda - bu, sadəcə bir obrazlı ifadə deyil. Vəziyyətin tibbi adı var: Takotsubo kardiyomiyopatiyası və ya tez-tez deyildiyi kimi, qırıq ürək sindromu. Bu, adrenalin kimi stress hormonlarının ürəyin normal fəaliyyətinə və düzgün döyünməsinə mane olduğu ciddi bir vəziyyətdir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni araşdırmanın müəllifləri deyirlər ki, sindroma qadınlarda daha çox diaqnoz qoyulsa da, kişilər bundan iki dəfə çox ölürlər.
Araşdırmaçılar 2016-cı ildən 2020-ci ilə qədər 18 yaşdan yuxarı xəstələrdə Takotsubo kardiyomiyopatiyasının təxminən 2000 hadisəsini təhlil ediblər. Onlar belə nəticəyə gəliblər:
• Qadınlarda sindroma daha çox emosional stress səbəb olur.
• Kişilərdə fiziki gərginlik və ya fiziki xəstəlik nəticəsində yaranır.
Kişilər arasında ölüm nisbəti 11,2 faz, qadınlarda isə cəmi 5,5 faiz təşkil edib.
“Johns Hopkins Medicine”nin kardioloqu doktor İlan Uitstaynın sözlərinə görə, kişilər, ümumiyyətlə, sindromdan daha az əziyyət çəkirlər, lakin əgər onlar baş verərsə, bu, daha ağır və təhlükəli amillər tərəfindən tətiklənir və bu da ölüm riskini artırır.
Mövcud ürək-damar xəstəlikləri olan insanlar sınıq ürək sindromuna ən çox həssasdırlar:
• hipertoniya,
• yüksək xolesterin,
• ürək çatışmazlığı.
Təəssüf ki, Takotsubo sindromunun müalicəsi yoxdur. Həkimlər bəzən digər ürək xəstəlikləri üçün istifadə olunan dərmanları təyin edirlər, lakin bu fərdi və klinik mənzərədən asılıdır.
Ürəyinizi necə qorumaq olar?
Ekspertlər sinə ağrısı və ya digər qeyri-adi əlamətləri görməməzlikdən gəlməməyi və həkimə müraciət etməyi məsləhət görürlər. Stress səviyyənizi idarə etmək də vacibdir - bugünkü dünyada asan məsələ deyil.
“Yaşlandıqca və həyatımızda və işimizdə daha çox məsuliyyət götürdükcə, daha yüksək səviyyələrdə stresslə üzləşirik,” kardioloq Syuzan Çenq bildirib: "Və həyatın bütün aspektləri rəqəmsallaşdıqca, bu stressorlar yalnız artır".
Yuxu da ürək sağlamlığında mühüm rol oynayır. Başqa bir araşdırma, yuxunun olmamasının, hətta aktiv olsanız belə, ürək xəstəliyi riskini artırdığını göstərib.
Doktor Conatan Sedernes deyir ki, "məşq zəif yuxunun vurduğu zərəri qismən kompensasiya edə bilər, lakin yuxu zamanı bədənin yerinə yetirdiyi bütün funksiyaları əvəz etməyəcək".
Tövsiyələr sadə, lakin vacibdir: böyüklər riskləri azaltmaq üçün hər gecə 7-9 saat yatmalıdırlar. Beləliklə, yatmazdan əvvəl telefonunuzu vərəqlədiyinizi görürsünüzsə, yaxşı bir gecə yuxusunun daha vacib olub-olmadığını düşünün. Həm də ürəyiniz üçün.