Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
DİM-dən Lent.az-a verilən məlumata görə, abituriyentlər Mərkəzin saytında imtahan nəticələri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 760 abituriyentdən 166 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 599 nəfər “məqbul” qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
İxtisas seçimi avqustun 30-dək davam edəcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 avqust 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 avqust tarixində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.