11-ci sinif məzunlarının attestatları verildikdən sonra bəzi paradokslar müşahidə olundu. Belə ki, buraxılış imtahanından “5” ballıq yəni, yüksək qiymət alan məzunların attestat balları 3 yaxud 4 olaraq qeyd olunub.
Sözügedən hal valideynlər və müəllimlər arasında mübahisələrə səbəb olub. Müəllimlər isə bildirir ki, şagird summativ qiymətləndirmələrdə ya iştirak etməyib, ya da ki, məktəbə ciddi yanaşmayıb. Qiymətlər də məhz şagirdin dərsdəki davamiyyətinə görə yazılıb.
Bəs görəsən, attestatda 3-4, hətta iki almaq universitetə qəbulda hansısa maneə yarada bilərmi?
Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, Azərbaycanda universitetə qəbul zamanı attestat qiymətləri hüquqi baxımdan heç bir rol oynamır:
“Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında toplanan bal əsas göstəricidir. Bu baxımdan, attestatda yazılan “3” və ya “5” tələbənin yer seçiminə birbaşa təsir göstərmir.
Xarici universitetlərə qəbulda çətinlik
Bu qiymətlərin dolayı təsiri özünü beynəlxalq təqaüd proqramlarında, xarici universitetlərə müraciətlərdə və müxtəlif akademik müsabiqələrdə göstərir. Belə ki, bir çox xarici universitetlər və proqramlar GPA göstəricisinə ciddi önəm verir və attestat qiymətləri bu hesablamanın əsasını təşkil edir. Məsələn, DAAD, Chevening, Erasmus+ kimi proqramlarda GPA-nin aşağı olması ilkin mərhələdə belə tələbənin rəqabət qabiliyyətini azalda bilər.
Təhlillər göstərir ki, şagirdlərin BSQ-dən topladığı ballar 91–100 aralığında, yəni 5 ballıq sistemlə “əla” qiymət səviyyəsində olduğu halda, məktəb müəllimlərinin verdiyi illik qiymətlər bəzən “3” və ya “4” səviyyəsində olur. Bu isə qiymətləndirmə sistemində metodoloji uyğunsuzluqla yanaşı, müəllim peşəkarlığı, tədris keyfiyyəti və ümumilikdə məktəbin funksional effektivliyi ilə bağlı suallar doğurur.
Təhsildə şəffaflıq prinsipi pozulur
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsinə əsasən, təhsilalanların bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi obyektivlik, şəffaflıq və etibarlılıq prinsipləri əsasında aparılmalıdır. Amma faktiki vəziyyət bu prinsiplərin pozulduğunu göstərir. Əgər bir şagird eyni fənn üzrə mərkəzləşdirilmiş imtahanda 95 bal toplayırsa, lakin müəllim ondan “orta” qiymət verir, burada ya müəllim obyektiv deyil, ya da məktəb daxili qiymətləndirmə forması etibarsızdır.
Repetitor yanına gedən şagird daha yüksək bal toplayır
Statistikaya görə, 2023-cü ildə 11-ci siniflər üzrə BSQ imtahanında iştirak edən şagirdlərin 22%-i Azərbaycan dili fənnindən 90 baldan yuxarı nəticə göstərib. Riyaziyyat fənnindən bu göstərici 17%, xarici dildən isə 25% təşkil edib. Lakin bu nəticələrə baxmayaraq, həmin şagirdlərin məktəb qiymətləri ilə imtahan nəticələri arasında əhəmiyyətli fərqlər müşahidə olunur. Bu, təhsil sistemində ciddi struktur uyğunsuzluqdan xəbər verir. Müəllimin verdiyi qiymət bəzən şagirdin real səviyyəsini əks etdirmir, əksinə onun repetitor yanında aldığı təhsillə daha yüksək nəticə göstərməsi də sistemin məktəbdənkənar asılılığını nümayiş etdirir.
Müsbət tərəfdən baxdıqda, mərkəzləşdirilmiş imtahanlar, BSQ kimi qiymətləndirmələr müəllim subyektivliyini neytrallaşdırmaq, ümumi ölkə üzrə standartlaşmanı təmin etmək baxımından effektiv alətdir. Şagirdlərin real səviyyəsini müəyyənləşdirmək və ümumi qiymətləndirmə mexanizminə obyektivlik gətirmək baxımından buraxılış imtahanları əhəmiyyətlidir. Bu, eyni zamanda şagirdin yalnız məktəbdə deyil, əlavə tədris resurslarına çıxış imkanından da faydalanaraq özünü inkişaf etdirməsinə şərait yaradır.
Məktəb öz funksiyasını get-gedə itirir
Lakin bu sistem məktəb qiymətlərini gözdən salır və təhsilin formal tərəflərinin önə çıxmasına səbəb olur. Attestat qiymətləri yalnız formal sənəd kimi qəbul edilir, valideyn və şagird üçün dəyərsizləşir, bu isə müəllim nüfuzuna zərbə vurur. Nəticədə məktəbdən kənar tədrisə, yəni repetitorluğa etibar artır və məktəb öz əsas funksiyasını tədricən itirir.
Xaricdə universitetə qəbulda məktəbin rolu
Xarici ölkələrin təcrübəsində bu məsələ fərqli formada həll edilir. Məsələn, Estoniyada məktəbdaxili qiymətləndirmə və dövlət imtahanları paralel şəkildə aparılır, lakin yekun qiymətlər 70% məktəb qiyməti, 30% isə dövlət imtahanına əsasən çıxarılır. Almaniyada isə GPA (Grade Point Average) – yəni orta bal şagirdin həm məktəbdəki, həm də dövlət imtahanlarındakı nəticələrinə əsasən hesablanır və bu bal tələbənin ali təhsil müəssisəsinə qəbulunda həlledici rol oynayır. Finlandiyada isə məktəb qiymətləri real dərs iştirakçılığı, layihə işi və prosesə davamlılıq üzərindən formalaşır, nəticədə qiymətləndirmə prosesi daha çox öyrənməyə xidmət edir, seçməyə yox.
Azərbaycanda qiymətləndirmə sisteminin iki paralel struktur arasında balanslaşdırılmış şəkildə qurulması vacibdir. Attestat qiymətləri təkcə müəllimlərin subyektiv yanaşmasına deyil, eyni zamanda BSQ nəticələri və məktəbdaxili formatlaşdırılmış qiymətləndirmə (formativ və summativ) nəticələrinə əsaslanaraq avtomatlaşdırılmış sistemlə çıxarılmalıdır. Bu həm şəffaflığı artıracaq, həm də məktəb qiymətinin prestijini və funksionallığını bərpa edəcək.
Əgər bu dəyişikliklər baş verməsə, məktəbdə qiymət yalnız kağız üzərində qalacaq, real göstərici isə kurs və repetitorlardan alınacaq nəticə olacaq. Bu isə uzunmüddətli perspektivdə dövlətin rəsmi təhsil sisteminə olan ictimai inamın tükənməsinə, müəllim peşəsinin nüfuzdan düşməsinə və təhsilin mahiyyətinin sadəcə “imtahan keçmə texnologiyası”na çevrilməsinə səbəb olacaq. Mövcud vəziyyətdən çıxış üçün isə məktəbdaxili qiymətləndirmə sisteminə yenidən baxılmalı, onun BSQ ilə əlaqələndirilməsi hüquqi-normativ sənədlərlə tənzimlənməlidir. Elm və Təhsil Nazirliyi və DİM bu məsələni koordinasiya etməklə təhsildə keyfiyyətin bərpasına real töhfə verə bilər",-deyə ekspert qeyd edib.