Azərbaycanda hakimin verdiyi qərardan sonra açıqlama verilməsinə ilk dəfə rast gəlirəm. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsində "Arzum9999"-un məhkəməsi olub, arxasınca da media ilə əlaqələrdən məsul şəxsi, hakim Ramilə Xəzrinin açıqlama verib. Nə əlaqə?
Bu sahədə 30 ildən çoxdur işləyirəm. Əksər məhkəmə qərarlarından sonra hakimlər tənqid olunublar. Hətta onlara ən biabırçı sözlər deyənlərlə də rastlaşmışıq, söyüblər, maşınlarına yumurta atıblar, ağızlarına gələni yazıya çeviriblər. Bəzən bunu edənlər haqlı olublar. Amma hakim dinməyib, çıxıb öz qərarı ilə bağlı açıqlama verməyib.
Hakim kimdir ki? O, qanunlara əsaslanaraq dövlət adından qərar verir. Burada qərarın sahibi dövlətdir. Yox, əgər məhkəmə iştirakçıları bu qərardan narazıdırsa, müəyyən olunmuş müddətdə yuxarı instansiya məhkəməsinə şikayət verməlidirlər.
Mən övladları üçün etiraz edənləri, ölkədə səs-küy yaradanları, mərhumun yaxınlarının fikir bildirməsini normal qəbul edirəm. Bunlar adi vətəndaşlardır. Onların heç bir ictimai məsuliyyəti yoxdur. Onlar asayişi pozmadan, məsələni xuliqanlıq həddinə çatdırmadan, kiminsə şəxsiyyətini təhqir etmədən emosiyalarını öz elinə-obasına çatdıra bilərlər.
Bəs hakimə nə olub? Bağışlayın, hörmətli hakim, siz verdiyiniz qərardan əmin deyilsiniz? Sizin bir sözünüz var idi və o da məhkəmə hökmündə yazılıb. Hökm məhkəmə zalında elan edilib. Bundan sonra hər hansı açıqlamaya ehtiyac olduğunu düşünmürəm. Siz yalnız yuxarı instansiya məhkəmələrinin və ya səlahiyyətli orqanların suallarına cavab verə bilərsiniz.
Ürəyi dağlanan Arzumun atasının, hadisədə yaxınlarını itirən insanların emosional çağırışları sizin hakim mövqeyinizi dəyişməməli idi.
Deməli, belə: hər kəs öz yerində ağırdır və gözəldir.