“Ölkədə elə bir nazir, elə bir məşhur yoxdur ki, mənim bağımda olmasın. Amma çoxunun bu bağdakı iki dənə bitki haqqında bilgisi yoxdu”.
Bunu Lent.az-a dünyada “Korol” kimi tanınan bağban Rauf Rəhimli deyir. Və bu dünya sözü sizə qəribə gəlməsin...
Onun bağında, Novxanıdayıq. Bağa çatan kimi də ilk soruşduğu bu oldu:
- Neyləmək istəyirsiniz? Mən danışım, ya bu güllər?
“Hər ikiniz” deyirik.
(əvvəli burda: httrs://lent.az/xeber/sosial/ogurluq-etdiyine-gore-onu-dar-agacindan-asdim-azerbaycanin-en-gozel-bagindan-rerortay-40537812)
Rauf Rəhimli deyir ki, bağbanlıq sənətini öyrənmək istəyənlər azdı…
- Mən qısqanc adam deyiləm, istəyərəm hamı öyrənsin. Amma öyrənmək istəyən azdı. Mənim şagirdlərim olub. İnsanlar heç öz saçlarını “ukladka” eləyə bilmir, biz isə neçə metrlik ağacların saçlarını düzəldirik. Netçalalı Pilağanı mən öyrətmişəm. Bir dəfə Ziya Məmmədov Pilağanı çağırtdırdı ki, Quba yolunda bütün ağacları darasın. Bir çox nazirlər onu bağlarına dəvət edib ki, ağacları darasın, səliqəyə salsın. Bu da məni sevindirirdi. Çünki mənim şagirdimi dəvət edirdi, çünki mənim əlimdən çıxmışdı.
“Korol” bir maraqlı əhvəlat da danışır.
- Bakıya II Aleksiy (Moskva və bütün Rusiyanın 15-ci Patriarxı) gəlmişdi. Mənim bağımı da proqrama salmışdılar. Təsəvvür edin, onun təndirini belə gətirmişdilər. Çünki ayrı yerdə, başqa çörək yemir. Onun çörəyi də elə bağda bişirildi. Bağda yeyiləcək bütün bütün yeməkləri də özləri hazırlamışdılar. Biz bir qazan soyutma bişirdik, sadəcə. Onu bişirəndə də yanımıza nəzarətçi qoymuşdular. Mənə dedilər ki, Patriarx səninlə maraqlanıb. Amma onun ayağı ağrıyır, çox otura bilmir. Ayağının altına nəsə qoyulsa, çox oturacaq bağda. Mən də gedib bərbərxanadan balaca stulu gətirdim. 15 nəfərlik stol düzəldilmişdi, onun üçün iki yer hazırlamışdıq. Stulu da ayağının altına qoymuşdum. Mənə dedilər ki, o təyin olunmuş yerdə oturmur. Amma necə oldusa o mənim təyin etdiyim yerlərdən birində əyləşəsi oldu. Həmin masada araq da qoyulmuşdu. Süfrədə hər şey var, amma araq içilmir. Onunla gələnlərdən biri mənə işarə etdi ki, sən ev yiyəsisən, Patriarxa de, içək. Qayıtdım ki, masada bəzi nəzakət qaydaları pozulub. O da dedi ki, buna göydə Allah, yerdə də mən icazə vermərəm. Hansı qayda pozulub?
Dedim, biz hamımız başı açığıq, amma bu araqlar başı bağlıdı. (Gülür) Bundan sonra araqların qapağı açıldı, içdik.
Masa ətrafında bağbanın hazırladığı yeməyin dadına baxırıq. “Korol” hamımıza yemək çəkir.
- Bizim televizyaların mətbəx verilişlərində ağızlarına gələni danışırlar ki, guya Şah plov şahlardan qalıb zad. Bizim məşhur nazirlərdən birinin aşpazı olub Şahhüseyn rəhmətlik, bu plovun reseptini o hazırlayıb, kəşf edib. Onun adı ilə bağlıdır.
Bir dəfə gördüm Çevik Polis Alayının komandiri Zaur Abdullayev generallarla birlikdə gəldi bağıma. Özləri ilə aşpaz da gətirmişdilər. Mənə dedi ki, İzmirdə bir polis rəisi var, dostumdur. O, sənin bağına baxıb, dəli olub. Söyləyib ki, İspaniyadan bağban gətirmişəm 5 min avro verirəm, 2 nəfər əfqan gətirmişəm onların da hərəsinə 2 min avro verirəm. Bağa 10-15 min avro pul xərcləyirəm, amma mənim bağım bağ deyil. Bu adam gəlsin, mənim bağıma baxsın, nə qədər istəyir pul verirəm. Dedim müəllim, mən bu gülləri, çiçəkləri qoyub heç yerə gedə bilmirəm.
Amma sən ki, ona söz vermisən. Mənim Masallıda qardaşım var Əhməd. O, məndən də yaxşı bilir, onu göndərək. O da razılaşdı, qardaşım getdi. Çox da razı qaldırlar.
Rauf bəy bir maraqlı məqamdan da danışır.
- Britaniya kraliçasının baş danışmanı var. O, mənim işlərimi kraliçaya göstərmişdi. Kraliça demişdi ki, gəlsin, öz ölkəsinin guşəsini yaratsın. Mənə müxtəlif hədiyyələr göndərmişdi. Hətta xüsusi badələr. Mənə dedilər, içirsən? Dedim “hə”. Dedi, din adamı deyilsən? Dedim, mən dindar olmaq istəmişəm, amma gördüm ki, çox çətindi, ona görə də təbiəti seçdim.
Moldova prezidenti də sən demə, Novxanıda, bu bağda olub.
- Mənim su problemim var idi, həll edə bilmirdim. “Azərsu” nun prezidenti Qorxmaz Hüseynov gəlmişdi, Moldovanın prezidenti ilə. Mənim də quyum vardı, su kükrdlüydü azca. O sudan içəndə prezident dedi ki, vay, bu niyə belə dadır? Dedim hə, suyu quyudan çıxardıram, bir az kükürdlüdü. Qorxmaz müəllimə dedi ki, bu adam Moldovada olsaydı, mən ona dağlardan su çəkdirərdim. İki aydan sonra 3 kilometr ərazidən mənə su çəkildi.
Oksford universitetinin rektoru da “Korol”un bağında olub.
- Bir dəfə mənə dedilər ki, Oksford universitetinin rektorunu bağa qonaq gətirəcəyik. Adı Flipp idi. Həmin adam bağı görəndə şoka düşdü. Dedi, o bağ gözəldi ki, düşündürə bilir. “Korol”, sənin də bağın düşündürür. Bilirsiniz, bu cür bağ yaratmaq üçün insanda üç amil olmalıdır: Bilik, məhəbbət və səbr. Flipp mənə söylədi ki, sən gör nə qədər səbrli insansan ki, ailə qurmağa belə vaxt tapmamısan.
Söhbət, xatirələr o qədər maraqlıdı ki, doymaq olmur. Rauf bəy fotoqrafımız İlkindən şəklimizi çəkməsini istəyir.
- Məmməd Araz tez-tez bura gəlirdi. Həmişə deyərdi ki, jurnalistlər məndən çoxlu şəkil istəyirlər, qaytarmırlar. Amma şəkil bir xatirədi. Sonra mən də fikirləşdim görəsən şəkil nədir? Belə bir şeir yazdım:
Xatirədir hər çəkilən şəkil də
Xatirədir gün də, ay da, fəsil də
Xatirəyə dönər bir gün şair də
Cismini yer, ruhunu göy alacaq
Bu şeiri deyəndə Məmməd Araz kövrəldi...
“Korol”un bağına gəlmək istəyənlər mütləq 25 çiçək adı bilməlidir. Hətta general qızı olsa da. Bu əhvalat isə belə olub.
- Keçən dəfə dostları ilə bir qız gəlib. Qıza dedim 25 dənə bitkinin adını de, sonra keçin bağa. Dedi mən general filankəsin qızıyam. Dedim, nə olsun? Bu heç nəyi dəyişmir. Məcbur olub xüsusi proqramla tapdılar bitkilərin adını. Mən də icazə verdim.
Sən demə, həmsöhbətimiz bir neçə il Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 1 saylı pansionatın işçisi olub. Mütəllibovun dövründən son illərədək. – Mən - Adım fəhlə kimi gedib. Amma bağlarla bağlı məsləhətlər vermişəm.
***
Əminəm ki, daha maraqlı söhbətlər də olardı, amma sağollaşmalıyıq. Bağın çıxışına doğru hərəkət edirik və “Club Flora”nın tezliklə hazır olacaq məkanını görürük. Hələ tam hazır olmasa da, çox gözəl görünürdü. Rauf bəylə ora qalxırıq. Xəzərin və “Karol”un bağının vəhdəti ordan daha gözəl görünürdü.
Hə, doğrudan da, bu duzlu torpaqlarda, bağbanın da dediyi ki, gic gilavarın, dəli xəzrinin tüğyan etdiyi yerdə bu cür gözəlliklər yaratmaq möcüzədir.
Əlvida, “Karol. Biz yenə görüşəcəyik. Bu cənnəti unutmaqmı olar.
FOTO: İLKİN NƏBİYEV