Rauf Rəhimli
20 aprel 2022 20:15 (UTC +04:00)

Rauf Rəhimli

"Oğurluq etdiyinə görə, onu dar ağacından asdım" - Azərbaycanın ən gözəl bağından REPORTAJ

“Ölkədə elə bir nazir, elə bir məşhur yoxdur ki, mənim bağımda olmasın. Amma çoxunun bu bağdakı iki dənə bitki haqqında bilgisi yoxdu”. 

Bunu Lent.az-a dünyada “Korol” kimi tanınan bağban Rauf Rəhimli deyir. Və bu dünya sözü sizə qəribə gəlməsin...

Onun bağında, Novxanıdayıq. Bağa çatan kimi də ilk soruşduğu bu oldu:

- Neyləmək istəyirsiniz? Mən danışım, ya bu güllər? 

“Hər ikiniz” deyirik.

Gülür...  

Bağı gəzdirə-gəzdirə ocaq başına yaxınlaşırıq.

- Mən təbii adamam (Yeməyi qarışdırır). Bu qazanı (göstərir) mənə Stanik Xankişiyev verib. O deyib ki, çömçə gərək qazanda fırlansın.

Stanik azərbaycanlı olsa da, Özbəkistanda doğulub. O, Tahir Əmiraslanovla birlikdə qonağım idi. Mənə diplom verməyə gəlmişdilər. Dedim, Tahir balıq ye, dedi "yox e". Təkid etdim ki, dadına baxmalısan. Dadına baxandan sonra dedi ki, bütün reseptləri, bütün yeməklərini tərkibini mən yazıram, amma bu dadı ala bilmirəm.

Bizdə Astara tərəfdə meşədə yabanı alça bitir, onu heç kim yeyə bilmir, acıdır. Ondan palçıq turşusu düzəldirlər. Balığa da ondan vururuq, ona görə də belə dadlı olur. Tahir Stanik Xankişiyevə zəng etdi və dedi ki, sənin balıq reseptlərinə bir xətt. 
Sonradan Stanik də gəldi bağa və mənə maraqlı əşyalar verdi. Bu sacdı,  təmiz çuqundan hazırlanıb, çəkisi də 50 kiloqram.

Söhbətimizi davam etdirə-etdirə keçirik bir otağa. Bu otaq da bildiyimiz, sıradan otaqlardan deyil. Özünün dediyi kimi, Robinzonun otağıdı. Və əcəb də oxşayır.

Stolun üstünə həsir salınıb Elə döşəkçələr də həsirdəndi. Əllə toxunub.

-  Bunları mən özüm hazırlamışam. Bir dəfə Amerikanın keçmiş səfiri Eskudero xeyli adamla bağa gəlmişdi. Onlara dedim ki, bura Robinzonun otağıdır. Filmə baxan yenə də dənizi görür. (Dənizə açılan şüşəli pəncərəni göstərir) Sonra Robinzonun güzgüsünə baxdılar, o da Robinzonun qəzaya düşdüyü gəminin qalıqlarıdır. Bu da külək söndürməsin deyə fənərlər. Bunlar otaqdakı şeylərə xeyli baxdılar. Onlarla bir nəfər də alim gəlmişdi. 

Alim dedi ki, bunu amerikalı, avropalı düzəldə bilməz. Onlarda nə bu material var, nə də bu sənət. Ən sonda isə qeyd etdi ki. Robinzon deyəsən cənublu olub, Talış zonasından. (Gülür). Deməli onlar təsdiq etdilər ki, Robinzon cənubludur. (Yenə gülür) Çoxdu, bunun hər şeyi var şlyapaları, skarteri. Mən özüm həmişə deyirəm ki, bu sənət bizimdi, biz bu sənəti yaşatmalıyıq.

***
- Atam o vaxt xaricdən bağ qayçısı almışdı. Hər gün o qayçı ilə ağacları darayırdı. Daranmış budaqların zibillərin təmizləyirdi. Atam gedəndən sonra qayçını götürüb mən də işləyirdim. Belə - belə təbiətə məhəbbətim yarandı.

“Korol” bağbanlığa necə gəlməyindən danışır… 

- 1991-ci ilin axırından Novxanıdayam. Əvvəl isə Masallıda yaşayırdım. O vaxtı  bir qızılgülə 22 rəng calaq etmişdim. O 22 rəngdən Azərbaycanda yox idi. Fətullah Hüseynov (“Qara polkovnik”)  həvəskar idi, onun çoxlu gülü var idi. Ələkbər Tağıyev həm prokuror, həm də bəstəkar, Zeynəb xanım onun mahnılarını oxuyurdu. O da dəhşət gül həvəskarı idi. Onların ikisindən də gül almışdım.

Bilirsiniz, itburnu, qızılgülün əcdadıdır. Həmin əcdada 22 rəngdə calaq etdim. İndi lap 250 rəng də etmək olar. Mən də 30 rəng liyam var. Mən 22 rəngi calaq edəndən sonra rəhmətlik akademik Həsən Əliyev Astaraya gedirdi, Ziya Bünyadovla. Ziya müəllimə deyib ki, burda maraqlı bir adam var, onu da ziyarət edək. Mənim də həyətim gül-çiçək. Dedi, bu güllərdən mənə verəcəksən. Evə gülsüz getsəm, arvad məni qəbul etməyəcək. Dedim baş üstə, Həsən müəllim.

Tale elə gətirir ki, Həsən Əliyev “Korol”un ilk sərgisini təşkil edir.

- Akademikin köməkliyi ilə  Bakıda ilk sərgim təşkil olundu. Heç mən Təbiəti Mühafizə Cəmiyyətinin üzvi də deyiləm. Həsən müəllimin göndərdiyi maşınla mənim ağaclarımı, güllərimi apardılar Bakıya. 

Zəngin kolleksiyam var idi. Həmin sərgi də pullu oldu. Bütün məktəblilər gəlirdi, Təbiəti Mühafizə Cəmiyyətinə böyük xeyir verdik. Sərgiyə baxmaq üçün növbə yaranırdı.

Bu sərgi Həsən Əliyev çox xoşuna gəldi. Məni bir dəfə toplantıya dəvət etdi. Toplantı da keçmiş Lenin muzeyində keçirilirdi. Hərə bir cür çıxış edirdi. Biri dedi mən filan qurultaydan qidalanıb belə elədim, elə elədim. Mən də dedim ki,  o qurultay söhbətini bilmirəm. Atam o vaxt xaricdən qayçı almışdı. Hər gün o qayçı ilə ağacları darayırdı. Daranmış budaqların zibillərin təmizləyirdi. Atam gedəndən sonra qayçını götürüb mən də işləyirdim. Belə-belə bağban oldum. (Gülür) 

Sonra mənim Moskvada sərgim oldu. Sərgiyə də kimlər gəlmədi ki... Hər gün “Vremya” verirdi. Deyirdi ki, bu ağacları calaq edən ilahi qüvvə yox, kiçik aptek sahibi, əczaçı Rauf Rəhimlidir. Bütün SSRİ məndən danışırdı.

O biri otağa keçib iri bir albom gətirir. Yüzlərlə avtoqraf var bu albomda.

- Mənim bağıma dünyanın hər yerindən gəlirlər.Bu otağı balıqqulağıyla təmir etmişəm. 4 il vaxtım gedib. Suvaq, “oboy” yerinə Xəzərin müxtəlif yerlərindən balıqqulaqları yığıb gətirmişəm. İsveçdən bir deputat gəlmişdi. Onlar evə baxıb təəccübləndilər. Dedim, nə edim, pulum olmadı “oboy”, rəng alım. Balıqqulaqları mayasızdı deyə yığdım düzəltdim. Bunlar güldü. Dedilər ki, sən bilirsən bu işin qiyməti nə qədərdi. Dedim yox, bilmirəm. Bunu pulum olmadığı üçün belə etmişəm, dostlarım mənə pul vermədi. Dedilər ki, sənin dostlarına eşq olsun. Onlar sənə pul versəydi, sən bu möcüzəni yarada bilməzdin. Amma bunun qiyməti yoxdu.


-     
Rauf bəy yaratdığı “Club Flora”dan danışır. 

- Azərbaycanda hər cür klub var. Nə bilim diskoteka, şahmat klubu, amma mənə doğma olan təbiət klubudur. İstəyirəm ki, floranın da klubu olsun. Bilirsiniz, şərtlərim var, bağıma girən adam 25 bitkinin adını bilməsə, içəri buraxmıram. Xarici adamlar gəlir, hər bir bitki haqqında sözünü deyə bilir. Elə bir nazir, elə bir rəhbər yoxdur ki, mənim bağımda olmasınlar. Amma 2 dənə bitki haqqında informasiyaları yoxdur. 

Bağda Yaponiya guşəsi var, orda yukumilər yetişdirmişəm. Bu qədər adam gəlib, amma heç biri onu tanımayıb.  “Toyota”nın prezidenti  “Toyota” bağışlamaq istədiyini dedi. 

Mənə dedilər ki, gəl, Yaponiyada “Toyota” şirkətinin qabağında Azərbaycan guşəsi yarat, bütün xərclər bizlikdi. Dedim ki, maşın da, gündoğanı da görmək istəyirəm, amma balalarımı da qoyub gedə bilmirəm. (Gülləri, çiçəkləri deyir –A.C.) Sonra mən qəza etdim, maşınımı vurdular. Zəng etdim, maşınımın vurulduğunu dedim. Məndən soruşdular ki, nə qədər pulun var? Dedim, 10 min manat. Dedilər get “Toyota”nın mağazasına. Orada  “RAV4” var, onu götür. Onu verdilər mənə. 10 min manatı da vermək istəyəndə götürmədilər. Bir yapon guşəsinə görə, mənə çox dəyər verdilər”. 

“Korol” deyir ki, o bağı nadir hallarda tərk edir. Burdan çıxanda da ancaq gülsatanların yanına gedir….

- Burdan çıxanda ancaq gülsatanların yanına gedirəm, onlarla söhbət edirəm. Mən ona görə buranı “Klub Flora” etmək istəyirəm ki, bildiyimizi bir-birimizə öyrədək. Keçən dəfə Yaponiyadan yanıma biznesmen gəlmişdi. Dedi ki, mənim biznesim Yaponiyadadı, amma bura hər il toxumlar gətirsəm də, artıra bilmirəm. Dedim,  insan əvvəlcə doğulmalıdı, doğum evi olmalıdı və böyüyüb məktəbə getməlidir. Bitki də canlıdır. Onlar isti şəraitdə, qaranlıq otaqda lazımı olan torfla, münbit torpaqda saxlanmalıdır. Onu mənə verirlər, mən artırıram, onlara da verirəm, özümə də qalır. Dünyanın elə bir ölkəsi yoxdur ki, ordan mənim qonağım olmasın, mənə bitki gətirməsin.

“Moskovski novosti” qəzeti mənim haqqımda yazmışdı. Onlar saymışdılar. Məndə 850 növ gül vardı. Amma indi hansı bitki dəli xəzri, gic gilavar, Abşeron havasına uyğunlaşır, onu saxlayıram. Məsələn, hər bitkini burda saxlamaq düz deyil. Tutaq ki, maqnoliya ağacını mən istəyirəm, çiçək açanda çox qəşəng olur, amma onun həddən artıq böyük yarpaqları var. Xəzri onun yarpaqlarını qoymaz qalsın. Ona görə də, hər bitkini əkmək düzgün deyil. 

“Korol” bir maraqlı əhvalat danışır. Deyir, bağda yapon əzgili (musmula), yapon qozu (pikan) var. Pikanı qarğalar oğurlayırdı,.

Mən səhər altının yarısı oyanan insanam, amma yenə də görürdüm ki, artıq tezdən qozları daşıyıblar. Bir gün bunları güddüm. Gördüm ki, bunların necə deyərlər “mühafizəçiləri”  gəlib qonub o biri ağacların başına. Qalanları da başlayıblar qozları götürməyə. Mən də fəxri ovcuyam axı. Bunların birini vurdum. Vurduğum qarğanı ağacdan asdım. İndi mənim həyətimə bir dənə də olsun qarğa girmir. Çünki birini dar ağacından asmışam. Onu görüb ibrət götürüblər.

Mən həyətimdə sonradan 3 dənə dar ağacı düzəltdim. Dar ağacından gül, nur asarlar. Elə özüm də həmin ağaclardan gül, lampa asdım. Bu qoz məsələsindən sonra isə mən başa düşdüm ki, ölkəyə də dar ağacı lazımdır. Çünki o insanlar ki, bu dövlətin malını qarğalar kimi daşıyırlar, onlardan biri asılsa, o zaman heç kim xalqın malına toxunmaz.

Foto: İlkin Nəbiyev

Ardı var...

LENT.AZ-ı izləyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16038
avatar

Aytəkin Cəlali

Oxşar yazılar