Məişət texnikasından səmərəli istifadə etmək komfortdan imtina etmədən elektrik enerjisinə qənaətə kömək edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mənzillərdə ən çox elektrik enerjisi sərf edən cihazlar adətən kondisionerlər və elektrik sobalarıdır.
Bu cihazlar digər məişət texnikası ilə müqayisədə daha çox enerji istifadə edir.
Müasir kondisionerlər təxminən 500-4000 vatt enerji sərf edir. Müqayisə üçün qeyd edək ki, adi bir televizor orta hesabla 50-200 vatt elektrik istifadə edir. Əgər kondisioner hər gün, xüsusilə isitmə rejimində işləyirsə, aylıq enerji sərfiyyatı onlarla, hətta yüzlərlə kilovat-saat səviyyəsinə çata bilər.
Elektrik xərclərini azaltmaq üçün mütəxəssislər bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:
Kondisioneri yalnız ehtiyac olduqda işə salın, temperaturu həddindən artıq aşağı və ya yüksək səviyyəyə qoymayın, hətta 1-2 dərəcə fərq enerji sərfiyyatını azalda bilər. İşləyərkən pəncərə və qapıları bağlı saxlayın, filtrləri mütəmadi təmizləyin, istifadə olunmadıqda cihazı rozetkadan çıxarın.
Elektrik sobası da enerji baxımından ən çox sərf edən cihazlardan biridir. Bu cihazlar 2-5 kVt gücündə işləyir və aylıq enerji sərfiyyatı təxminən 40-90 kVt/saat ola bilər. Bunun əsas səbəbi yüksək temperaturun uzun müddət saxlanılmasıdır. Bəzi modellər hətta gözləmə rejimində belə saat və ya işıqlandırma səbəbindən elektrik istifadə edir.
Elektrik sobasından istifadə zamanı enerjiyə qənaət etmək üçün:
Bir neçə yeməyi eyni vaxtda bişirməyə çalışın, azım olmadıqca sobanın qapısını açmayın, yemək hazır olmadan bir neçə dəqiqə əvvəl sobanı söndürün, qalan istilik yeməyin hazır olmasına kömək edəcək, stifadədən sonra cihazı tam söndürün.
Enerjini daha çox sərf edən digər məişət cihazları da var.
Su qızdırıcıları orta hesabla saatda təxminən 3000 vatt enerji istifadə edir. Xüsusilə qış aylarında duş və digər məişət ehtiyacları üçün daha çox enerji sərf olunur. Enerjiyə qənaət etmək üçün suyun temperaturunu bir qədər azaltmaq və boyleri izolyasiya etmək tövsiyə olunur.
Soyuducular və dondurucular da daim işlədiyi üçün xeyli enerji sərf edə bilər. Onların enerji istehlakı təxminən 150-800 vatt təşkil edir. Bu cihazların effektiv işləməsi üçün onları həddindən artıq doldurmamaq, tam boş saxlamamaq, arxa hissədəki radiatoru təmizləmək və istilik mənbələrindən uzaqda yerləşdirmək məsləhət görülür.
Paltaryuyan və quruducu maşınların enerji sərfiyyatı isə təxminən 500-2000 vatt arasında dəyişir. Enerjinin əsas hissəsi suyun qızdırılmasına və hava dövranına sərf olunur. Buna görə də paltarları daha çox soyuq suda yumaq və mümkün olduqda təbii üsulla qurutmaq tövsiyə edilir.
Qabyuyan maşınlar bir yuma dövründə təxminən 1200-1500 vatt enerji sərf edir. Enerji əsasən suyun qızdırılması üçün istifadə olunur. Bu cihazları yalnız tam dolu olduqda işə salmaq və qurutma rejimində əlavə qızdırmanı söndürmək enerjiyə qənaət etməyə kömək edir.
Əyləncə və ofis texnikası da müəyyən qədər enerji istifadə edir. Məsələn, televizor 100-400 vatt, kompüter 200-500 vatt, modem və ya router isə 10-20 vatt enerji sərf edə bilər.
Mütəxəssislər bildirirlər ki, cihazların gözləmə rejimində də elektrik istifadə etməsinin qarşısını almaq üçün ağıllı uzadıcı kabellərdən istifadə etmək və ya cihazları tamamilə rozetkadan çıxarmaq faydalı ola bilər.