Fransa meteoroloji xidmətinin məlumatına görə, çərşənbə axşamı Fransanın cənubunda havanın temperaturu rekord səviyyəyə qalxıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, xüsusilə, Aryej departamentində meteoroloji müşahidələr tarixində ilk dəfə olaraq hava 40,6 dərəcəyə qədər istiləşib. Rekord temperatur Korsikanın Renno şəhərində də qeydə alınıb - 38,3 dərəcə Selsi.
İtaliyada da rekordlar qeydə alınır. Çərşənbə axşamı Romada ötən ilin iyununda müəyyən edilmiş 40,7 dərəcə Selsi rekordu qırılıb: havanın temperaturu 41,8 dərəcəyə çatıb.
Avropa mətbuatı xəbər verir ki, İspaniyanın Kataloniyasında da temperatur rekordu qeydə alınıb. Havanın temperaturu 45 dərəcədən yuxarı qalxıb. Əvvəlki rekord 43,8 dərəcə Selsi idi, o, 2019-cu ilin iyununda qeydə alınıb.
Bundan əvvəl Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq etmişdi ki, 40 dərəcədən yuxarı temperatur dünyanın bir çox regionlarında bir neçə gün davam edəcək.