“Azercell Telekom” Bakı Kitab Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti “Audiokitab” toplusunun təqdimatını keçirib. Mənəvi zənginliyin və elmlərə yiyələnməyin əsas yolun mütaliədən keçdiyini hesab edən Heydər Əliyev gənclərə və ətrafındakı insanlara daim kitab oxumağı önərib. Azercell “Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal kitabxanada audio və elektron kitab, eləcə də audiopyes formatlarında bir araya gətirib. Ölkənin lider mobil operatoru Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin edib. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılıb.
Yeni seriya üçün Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi və Hüseyn Cavidin əsərləri əsasında rəqəmsal komiks kitabı və qısametrajlı animasiya filmi hazırlanıb. Milli mətbuatın ən dəyərli nümunələrindən olan “Molla Nəsrəddin” jurnalı rəqəmsallaşdırılıb, Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron və audiokitab formatlarında təqdim olunub. Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin məsləhətçisi Kamran Musayev, AMEA-nın əməkdaşı, yazıçı-tənqidçi Tehran Əlişanoğlu, “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə və media nümayəndələri iştirak ediblər. “Azercell Telekom”-un Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin Korporativ Sosial Məsuliyyət prinsipləri və layihələri barədə danışıb: “Ölkə bazarının lideri kimi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizi əsas tutaraq trendləri müəyyənləşdirir, insanların həyat keyfiyyətinin artırılması üçün innovativ həllər gətirir, xalqımızın mədəni irsini dünya səviyyəsində tanıtmağa çalışırıq”. Rəşad Məcid, - “Ədəbiyyatı təbliğ etmək həm də vətənə, xalqa xidmətdir, Heydər Əliyevin sevdiyi kitabların təbliğatı isə xüsusən əhəmiyyətlidir”, deyə layihəni təqdir edib.
Təqdimat mərasimi Heydər Əliyevin sevdiyi musiqi nömrələri ilə müşayiət olunub. Xatırladaq ki, “Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, doğma dilimizdə ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə öz rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işlərini, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarda oxucuların istifadəsinə verib. “Azercell Telekom”un 2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və “Audiokitab” layihəsi mədəni irsimizin qorunub-saxlanmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir, həm doğma, həm də dünyanın müxtəlif dillərində yayımlanmasında və tanınmasında müstəsna rol oynayır. Layihə çərçivəsində hazırlanan kitablarla Litres, Bookmate, eləcə də Azercell-in Youtube kanalı vasitəsilə tanış ola bilərsiniz. Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanına müraciət edin.