Azərbaycanda onlayn resept tərtib olunacaq.
Lent.az-ın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib ki, rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həmçinin vətəndaşlara daha sürətli və elektronlaşdırlmış şəkildə xidmət göstəriləcək.
Onun sözlərinə görə, reseptsiz satışına icazə verilməyən dərman preparatlarının qanunsuz satışının qarşısını alacaq:
“Yəni bu sahədə şəffaflığı təmin edəcək. Bəzən pasiyentlər əl ilə yazılmış kağız resepti itirdiklərinə və ya həmin resept yarasız hala düşdüyünə görə həkimləri ilə yenidən görüş təyin etməli olurlar. Layihə bu cür halların aradan qaldırlmasında müsbət rol oynayacaq. Sistem həm fərdi kompüter, həm də mobil cihazlarda istifadə üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar sistemə asan login vasitəsilə daxil ola biləcəklər. Eləcə də tibb müəssisəsində vətəndaşların fərdi identifikasiya nömrəsinə əsasən onlara elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Vətəndaşlar onlara təqdim olunmuş elektron reseptin və ya fərdi identifikasiya nömrəsini, eləcə də QR kodunu əczaçılıq müəssisəsinə təqdim edərək lazım olan dərman preparatlarını ala biləcəklər”.
Qeyd edək ki, elektron reseptə yazılacaq preparatlar Taarif Şurasının qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələri bazası əsasında həyata keçiriləcək.