Uzaq Sibirdə, Anqarsk şəhərində anadan olmuşdu. Nağıyev Hüseynin ailəsində. Amma adını Anatoli qoymuşdular, nədənsə. 1963-cü ildə, 5 yaşı olanda atası Hüseyn ailəsini də götürüb Kursk vilayətinə, daha dəqiqi, Sudja şəhərinə köçmüşdülər.
Sirk ustası olmaq istəyirdi. Elə bu məqsədlə də bütün günü gimnastika ilə məşğul olur, ağırlıq qaldırır, qaçır, fiziki formasını saxlayırdı ki, Moskva Sirk Məktəbinə daxil olsun. İmtahan verib tələbə adını qazansın. Şahidlərin dediyinə görə, 15 yaşı olanda Tolik artıq idmançı görkəmiylə seçilirdi.
Amma xarakterində ciddi problemlər yaşayırdı. Rayonda çox aqressiv biri kimi tanınırdı. Tez-tez dava salırdı. Heç kimlə yola getmirdi. Hə, ən əsası, qızlara qarşı həssas idi. Hətta o qədər həssas idi ki, hansısa gözəl qız və ya qadın onun üçün potensial ova çevrilə bilərdi.
Budur, onun ilk qurbanı. 17 yaşı hələ tamam olmamış məktəbdən evə qayıdarkən yaxınlıqdakı peşə məktəbinə baş çəkir. Məktəbin laborant qızının laboratoriyada tək olduğunu görür… və onu zorlayır. Maraqlıdır ki, qız bu barədə milisə müraciət etmir. Bundan sonra iki ay ərzində daha iki qıza təcavüz. Sonuncu qurban onun sinif yoldaşı idi. Amma sinif yoldaşı təcavüzdən sonra yerli milisə şikayət ərizəsi verir. Azyaşlı olmasına baxmayaraq, Nağıyev 6 il müddətinə azadlıqdan məhrum olunur və cəzasını çəkmək üçün ucqar Komi Muxtar Respublikasına göndərilir. Elə hər şey də bundan sonra başlayacaqdı…
***
...Amma Nağıyev Komidə sonacan cəza çəkmədi. 3 ildən sonra - 1978-ci ildə yaxşı davranışına görə şərti cəza ilə azadlığa buraxıldı.
Sərbəst buraxıldıqdan sonra Komi MSSR-in Peçora rayonunun Çikşino kəndində qalıb işləyir. İlk qətli 1979-cu il yanvarın 30-da törədir. Peçora şəhərindəki mənzillərin birində Olga Demyanenko adlı qızla görüşür. Bir qədər yeyib-içdikdən sonra Tolik Olqanı əvvəl boğur, sonra isə zorlayır. Meyitini isə gizlədir.
Növbəti qurbanı da özünü çox gözlətmir.
28 may 1979-cu il. Nağıyev bələdçiyə 1 manat verərək “Uxta – Peçora” qatarına minir. Marşrutun sonuna yaxın qatarda demək olar ki, heç kim qalmamışdı. Vur-tut qırx dəqiqəlik zaman müddətində o, Peçora şəhərinə ezamiyyətə gedən Darya Kravçenko adlı müsahiblə tanış olur. Qadına intim münasibətdə olmağı təklif edir, amma rədd cavabı alır. Əsəbiləşən Nağıyev onu bıçaqla qətlə yetirir, 3 ədəd üzüyünü və sırğasını götürüb, heç nə olmayıbmış kimi dayanacaqda düşüb gedir. Hə, meyiti isə kupenin baqaj yerinə atır.
***
Amma Nağıyev Peçorada çox qalmır. Tezliklə Kurska qayıdır və yerli kinoteatrların birində kinomexanik köməkçisi işləməyə başlayır. Həbsxanada xeyli ədəbiyyat oxumuşdu Tolik. Necə deyərlər, neçə-neçə insan obrazını, xarakterini mənimsəmişdi. Ona görə də insanlarla ünsiyyət qurmaq onun üçün su içim kimi bir şey idi. O, özünü mühəndis kimi də, meşə işçisi kimi də, lap institut müəllimi kimi də təqdim edib, inandıra bilirdi.
4 iyul 1980-ci il. “Moskva-Xarkov” qatarı. 7-ci vaqon. Vaqonda demək olar ki, heç kim yoxdur. Bələdçilər Derevyanko və Zizyulina yatıblar. Nağıyev əvvəlcə onların xidməti otağına keçir. Əlindəki bıçaqla Derevyankonu öldürür. Zizyulinanı isə hədələyir. Əvvəlcə onu zorlayır, daha sonra qətlə yetirir. Yenə də heç nə olmamış kimi, öz kupesinə qayıdır. Amma burda da rahatlıq tapmır. Qonşu kupeyə keçir. Orda isə iki sərnişin vardı: Mariya Lopatkina və Tatyana Kolesnik. Bir qədər içki qəbul etdikdən sonra Nağıyev ənənəvi metoduna əl atır. Qadınlardan birini öldürür, digərini isə zorlayır. Həmin vaxt vaqonda heç kim olmur onlardan başqa. Hə, bələdçilər də vardı, artıq qətlə yetirilmiş zavalı qadınlar. Nağıyev qurbanlarının cəsədlərini hələ “Stalnoy Kon” stansiyasını keçəndən sonra vaqondan yerə atmışdı. Qatar “Stanovoy Kolodes” stansiyalarını keçəndən sonra kupedəki bu qadınlar da sürətlə hərəkət edən qatarın pəncərəsindən bayıra atılacaqdı.
Amma bu hələ harasıdır, sonradan istintaq sübut edəcəkdi və elə Nağıyevin özü də boynuna alacaqdı: 1979-cu ilin noyabrından 1980-ci ilin sentyabrına qədər SSRİ-nin müxtəlif yaşayış məntəqələrində 30-dan çox qadına təcavüz etmişdi, əksərini isə həm də qətlə yetirmişdi.
Nağıyev qurbanlarını həm də soyurdu. Onların üzərindəki zinət əşyalarını götürüb, zərgər dükanlarına təhvil verirdi. Milis də elə onu ələ keçirmək üçün bu məqamdan möhkəm yapışdı. Detektivlər onun qurbanlarından götürdüyü şeylərin ətraflı siyahısını hazırlayıb, zərgərlik təsvirləri SSRİ-nin bir neçə şəhərindəki lombardlara və zərgərlik mağazalarına göndərmişdilər. Nağıyev belə zinət əşyalarından birini bir tanışına da vermişdi. Həmin qadın üzüklə Kurskdakı bir zərgərlik mağazasına girəndə zərgər onu tanıdı və dərhal milisə zəng etdi. Və bununla da dərhal Nağıyevin izinə düşülür.
Nağıyev 1980-ci il sentyabrın 11-də Dnepropetrovskda həbs edilir və Oryol şəhərindəki istintaq təcridxanasına göndərilir. Adama elə gəlir ki, manyakın işi elə burada da bitdi. Amma…
Amma bu hələ harasıydı ki? İki ay Oryoldakı təcridxanada qalandan sonra onu Kurska yatab edirlər. Çünki məhkəməsi başlayacaqdı. Nağıyev məhkəmədə bütün cinayətlərini etiraf edir. Hətta onu da deyir ki, o dövrün bir nömrəli estrada ulduzu Alla Puqaçovanı öldürmək üçün Moskvaya da gedib, binanın girişində onu gözləyib. Sadəcə, Anna həmin vaxt öz mənzilində gecələmədiyindən bəxti gətiribmiş. Yeri gəlmişkən, Nağıyev Annaya bənzəyən 6 qadını qətlə yetirmişdi...
Hə, budur məhkəmə, son iclas, 2 iyul 1981-ci il. Kursk vilayət məhkəməsinin binasında həmin gün iynə atsaydın, yerə düşməzdi. Qatilin qurbanlarının yaxınları, şahidlər, jurnalistlər. Məhkəmə Nağıyevi ən ağır cəzaya, güllələnməyə məhkum edir. Zal hakimin qərarını alqışlarla qarşılayır...
***
1981-ci il avqustun əvvəlində Nağıyev ölüm cəzasının həyata keçiriləcəyi Novoçerkassk şəhərinə aparılır. Novoçerkasskda vaqondan düşərkən konvoyun ani ehtiyatsızlığından istifadə edən Anatoli həmin vaxt bir addımlıqdan keçən yük qatarına tullanır. Onun qaçışı barədə xəbər dərhal Moskvaya çatır. SSRİ daxili işlər naziri Şolekov onun tutulması üçün orqanlara iki həftə vaxt verir.
Bu arada Nağıyevin anasının mənzilində axtarış aparılarkən bir bloknot gözə dəyir. Bloknotda Nağıyevin gələcək qurbanlarının – düz 319 nəfərin siyahısı vardı. Başqa bir sovet əfsanəsi Sofiya Rotarunun da adı həmin siyahıda idi. Milis bütün SSRİ boyunca bu manyakı axtarırdı. SSRİ-nin İranla sərhədi isə gücləndirilmişdi. Sən demə, Nağıyevin İran və İordaniyada qohumları varmış. Onun sərhədi keçmək ehtimalı da böyük imiş.
29 sentyabr, 1981-ci il. Rostov şəhəri Belokalitinsk şəhərinə köçüb yerləşən qaraçıların arasında onlara bənzəməyən birisinin hərəkətləri yerli drujinaçılarda maraq doğurur. Milisə zəng vurular. Nağıyev Yanov adlı xutorda dostunun evində mühasirəyə alınır. Əlindəki tapançayla müqavimət göstərir. Amma Moskvadan qəti tapşırıq gəlmişdi: onu diri tutmalıydılar. Ona görə də Nağıyevi əlindən və ayağından yaralayıb tuturlar.
Yaralarının müalicənin bitməsinə və güllələnmənin icrasına 3 gün qalmış Nağıyev müstəntiqlə görüşür. O, bildirir ki, daha üç nəfərin qətli ilə bağlı ifadə verməyə hazırdır. Amma SSRİ DİN və xüsusən də Baş Prokurorluq onun vaxt uzatmaq istədiyini və bununla da yeni qaçış planın hazırladığını düşünürlər. Moskvadan əmr gəlir: yubatmadan, güllələyin! Elə həmin gün də Nağıyev güllələnir. Maraqlısı odur ki, güllələnmə anında belə ona tərəf atəş açmaq istəyən məhkəmə icraçısının üstünə cumub, onun əlini dişləyir...
***
Nağıyevin həyatıyla bağlı bir neçə sənədli film çəkilib. 16 seriyalı “Müğənninin ovu” filmi onun Alla Puqaçovanı qətlə yetirmək tarixçəsiylə bağlıdı. Bundan başqa, “Quduzu öldürməli” və sair filmləri qeyd etmək olar.
Bütün bu filmlərin hamısında onun törətdiyi qətllər, şahid və hüquq-mühafizə orqanı işçilərinin ifadələri və digər qeydlər yer alıb. Amma hələ indinin özündə belə onun qurbanlarının sayı barədə dəqiq məlumat yoxdur...